Azərbaycan ilə Türkiyə arasında hərbi sahədə əməkdaşlıq bölgədə sülhün və təhlükəsizliyin təminatıdır
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı yüksələn xətlə inkişaf edir və son vaxtlar iki qardaş ölkə arasında bu istiqamətində xüsusi canlanma müşahidə edilir. İki ölkənin Silahlı Qüvvələri arasında müntəzəm olaraq keçirilən hərbi təlimlər ermənilərin Tovuz istiqamətində törətdikləri təxribatdan sonra daha da intensivləşib. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında Sazişə əsasən, illik plana uyğun olaraq iyulun 29-dan avqustun 10-dək ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirildi. Birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilmişdi. Plana əsasən, təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb olunması ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçirildi. Budəfəki təlimlər daha geniş tərkibli şəxsi heyəti iştirakı və uzun müddətli olması ilə diqqəti cəlb etdi. Bu təlimlərin başlanması zamanı Ermənistan silahlı qüvvələrində həyəcan siqnalı verilmiş və düşmən ordusunun hazırlıq səviyyəsi yoxlanılmışdı. Belə yüksək səviyyədə hərbi təlimlərin keçirilməsi, həmçinin Ermənistanın havadarlarına da ciddi bir çağırışdır.
2013-cü ildən başlayaraq Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında birgə hərbi təlimlərin keçirilməsi hər iki ölkənin ordularının döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələr arasında təcrübə mübadiləsinin həyata keçirilməsi, müxtəlif qoşun növlərinin qarşılıqlı fəaliyyətinə nail olmaq baxımından böyük əhəmiyyət kəsb edir. Göründüyü kimi, iki ölkənin ordularının iştirakı ilə keçirilən və bütün qoşun növlərini əhatə edən təlimlərin sayı ildən-ilə artmaqdadır. Qeyd etməliyik ki, 2013-cü ildə planda 7 təlimin keçirilməsi var idisə, 2019-cu ildə bu təlimlərin sayı 13-ə çatıb. Bir faktı qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri dünyanın güclü orduları arasında 9-cu yerdədir. Türkiyə hərbi potensialına görə NATO-da 4-cü, Avropada 3-cü, Yaxın və Orta Şərqdə 1-ci yerdədir. Belə böyük hərbi potensiala malik qardaş ölkə ilə hərbi təcrübəni bölüşmək ölkəmizin xeyrinə olan amildir.
Prezident İlham Əliyev avqustun 13-də Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirdi ki, hərbi əməkdaşlıq baxımından bu təlimlərin çox böyük önəmi var, eyni zamanda, insanlar arasındakı əlaqələrin, xalqlar arasındakı qardaşlığın gücləndirilməsi üçün təlimlərin çox böyük əhəmiyyəti və faydası var. Dövlətimizin başçısı, həmçinin dedi: “Bu, bir ənənədir. Bildiyiniz kimi, hər il həm Azərbaycanda, həm də Türkiyədə 10-dan çox birgə təlim keçirilir. Ona görə bu təlimlərin keçirilməsi adi haldır. Burada hansısa bir fövqəladə hal axtarmaq lüzumsuzdur. Biz də müşahidə edirik ki, bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur. Ancaq buna heç bir əsas yoxdur. Bu, Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür”.
Hərbi təlimlərə münasibətini bildirən Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar qeyd edib: “Bizim hərbi çərçivə müqavilələrimiz, hərbi təhsil sahəsində əməkdaşlığa dair razılaşmalarımız, müdafiə sənayesi sahəsində əməkdaşlığımız var. Bütövlükdə bunların məntiqi nəticəsi olaraq, 2010-cu ildə imzalanan strateji əməkdaşlıq sazişimiz var. Beləliklə, bu müqavilələr çərçivəsində bizim buraya gəlməyimiz, getməyimiz, birlikdə olmağımız, təlimlərdə bərabər olmağımız son dərəcə təbii bir fəaliyyətdir. Biz ölkələrimizin suverenliyi, müstəqilliyi və təhlükəsizliyi üçün lazım olan nə varsa bu günə qədər etdik və bundan sonra da etməyə davam edəcəyik".
Beləliklə, iki həftədən çox davam edən təlimlər və onların yekunlarının müzakirə edilməsi məqsədilə Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlər avqustun 12-də Azərbaycanda səfərə gəlməsi bir sıra nəticələrə gəlmək imkanı verir. Birincisi, Türkiyə regionda işğalçını cilovlamaq niyyətində olmasını gizlətmir; ikincisi, o regionda hərbi gərginlik yaratmaq niyyətində olanları belə hərəkətlərdən çəkindirməyə çalışır, üçüncüsü, Türkiyə regionu Avropa enerji təsərrüfatı ilə bağlayan beynəlxalq neft, qaz və nəqliyyat arteriyalarının təhlükəsizliyini təmin etməyə səy göstərir; nəhayət, dördüncüsü, qardaş ölkə Azərbaycan Silahlı Qüvvələrinin modern orduya çevrilməsinin donoru kimi çıxış etməklə ölkəmizin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə öz əhəmiyyətli töhfəsini verir.
Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq baxımından perspektiv planlar da mövcuddur. Buraya hərbi kadrların hazırlanması, maddi-texniki təchizatdan tutmuş müdafiə sənayesi sahəsində yeni birgə əməkdaşlığa qədər məsələlər daxildir. Perspektivdə iki ölkə arasında hərtərəfli hərbi əməkdaşlığın gücləndirilməsi istiqamətində yeni imkanlar mövcuddur. Türkiyə Azərbaycana taktiki və strateji dövrdə hərbi dəstəyini davam etdirməkdə qərarlıdır.
Yunanıstanın Azərbaycandakı səfirini qəbul edərkən dövlətimizin başçısının söylədiyi “Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik” fikirləri sadəcə siyasi mesaj kimi qəbul olunmamalıdır. Dövlətimizin başçısı tərəfindən səsləndirilmiş bu sözlər özünə inanan və potensialına güvənən siyasi liderlərə məxsus keyfiyyətdir, ümumilikdə Azərbaycanın mövqeyini, gücünü, beynəlxalq münasibətlər sistemində yerini göstərir, həmçinin Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür.