Tərtərdə koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə reydlər davam etdirilir
Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə kompleks şəkildə həyata keçirilən tədbirlər Tərtər rayonunda uğurla davam etdirilir.
Aidiyyəti dövlət qurumlarının əməkdaşlarından ibarət yaradılmış 59 mobil qrup tərəfindən mütamadi olaraq şəhər ərazisində və kəndlərdə karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət məqsədilə ticarət, ictimai iaşə, vətəndaşların daha çox istifadə etdiyi obyektlərdə və ictimai nəqliyyat vasitələrində gündəlik olaraq reydlər keçirilir.
Aparılmış reydlər zamanı tibbi maskadan istifadənin, sosial məsafənin saxlanılmasının və Operativ Qərargahın müəyyən etdiyi digər tələblərə əməl olunmasının vacibliyi bir daha obyekt sahiblərinin, işçi heyətin və sakinlərin diqqətinə çatdırılır. Eyni zamanda, əhali arasında dəfn mərasimləri istisna olmaqla yas toy, ad günü məhərrəmlik ayı ilə bağlı dini mərasimlərin keçirilməsinə qoyulan qadağaya da riayət olunması barədə geniş təbliğat-izahat işləri aparılır. Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərini pozan şəxslər barəsində inzibati qaydada tədbirlər görüldüyü bildirilir.
18 avqust 2020-ci il tarixdə Tərtər Rayon İcra Hakimiyyəti, Qida Təhlükəsizliyi Ağentliyinin (AQTA) Bərdə regional bölməsinin və rayon polis şöbəsinin əməkdaşları birlikdə Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reyd keçirmişlər.
Reyd zamanı Tərtər şəhəri, Heydər Əliyev prospektində yerləşən İbrahimova Sayalı Bəkir qızına məxsus “Şahmar” restoranında qanunsuz olaraq ad günü mərasimi keçirilməsi aşkarlanıb, restoranın fəaliyyəti dayandırılıb, sahibi İbrahimova Sayalı Bəkir qızı rayon polis şöbəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211.1 maddəsi ilə 200 manat məbləğində cərmə olunubdur.
Digər sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması faktları aşkarlanan obyektlərə ciddi xəbərdarlıq olunub.
Qeyd edək ki, ictimai iaşə obyektləri ilə ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdiriləcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.