Rayon qəzetinin 80 illik yubleyi qeyd olundu
Aprel ayının 25-də rayon qəzetinin 80 illik yubleyi qeyd olunmuşdur. Tədbiri giriş sözü ilə açan qəzetin redaktoru Tofiq Yusif qəzetin tarixindən, yolu rayon qəzetindən keçən ziyalılardan ətraflı danışmış, dünyasını dəyişmiş əməkdaşların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Sonra rayonun prokuroru Azər Hətəmov, ağsaqqal şair-publisist Qədir Tərtərli, qəzetin ictimai müxbiri Zabil Süleymanov, Nübar Məmmədova, jurnalist Svetlana Əzizova və başqaları çıxış edərək rayon qəzetinin kollektivini 80 illik yubley münasibəti ilə təbrik etmişlər. Çıxışlarda qəzetin keçmiş redaktorları Zülfiqar Fərəcov, Aydın Məmmədxanlı, Zöhrab Məmmədov, Təvəkkül Nəcəfov, Hilal Bayramov, redaktor müavini Əmiraslan Şəmsi və başqaları anılmış, onların qəzetlə bağlı fəaliyyəti yüksək qiymətləndirilmişdir.
Tədbirdə iştirak edən qəzetin keçmiş əməktaşları “Azərbaycan” qəzetinin bölgə müxbiri Lazım Quluyevin, “Respublika” qəzetinin bölgə müxbiri Vəli İlyasovun yolu bu qəzetdən keçmişdir. Tədbir iştirakçıları və keçmiş əməktaşlar qəzetlə bağlı fotostendlərə baxıb, qəzetin müxtəlif vaxtlarda təltif olunduğu Diplomlarlada tanış olmuşlar.
Rayon icra hakimiyyətinin başçısının birinci müavini Ramiz Şabanov rayonun ictimai-siyasi həyatının güzgüsü olan rayon qəzetinin kollektivini 80 illik yubley münasibəti ilə təbrik edərək, əməkdaşlara kəsərli qələm, maraqlı mövzular arzulamışdı.
Sonra RİHB-nın birinci müavini Ramiz Şabanov redaksiyanın kollektivinə rayon icra hakimiyyəti və YAP rayon təşkilatı tərəfindən verilən fəxri fərman və qiymətli hədiyələri təqdim etdi.
Tədbir maraqlı və yaddaqalan oldu.