Tərtər Rayon İcra Hakimiyyəti başçısı yanında onlayn Şura İclası keçirilmişdir
İclasa Milli Məclisin deputatı Sahib Alıyev, hüquq mühafizə orqanları, icra nümayəndələri, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri, Tərtər Cümə Məscidinin axundu Sadiq Cəfərov da qatılmışdır.
Əvvəlcə rayon rəhbəri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə rəhbərinin nitqindən irəli gələn vəzifələr və cari ilin birinci yarısında rayonda görülmüş işlər barədə danışmışdır.
Qeyd olunmuşdur ki, pandemiya dövründə ölkə rəhbərinin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində ölkəmizdə itkilərimiz az olmuş, koronavirusa yoluxanlar müalicə olunaraq sağlam həyatlarına dönmüşlər.
Möhtərəm Prezidentimiz İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi təşəbbüsü ilə 2020-ci ilin mayın 4-də QH-nın Təmas Qrupunun COVİD-19 pandemiyasına həsr olunmuş Zirvə görüşü təşkil edilmiş, tədbirə Qoşulmama Hərəkatı üzvü olan 120 dövlətlə ilə yanaşı BMT Baş Katibi, BMT Baş Assambleyasının Prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək cinli nümayəndələri də iştirak etmişlər.
Ölkə rəhbərinin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVİD-19-a qarşı həsr olunmuş xüsusi sessiyasının keçiriləcəyini 130-dan çox ölkə dəstəklədiyi halda Ermənistan bu təşəbbüsə qarşı çıxmaqla özünü rüsvay etmişdi.
Pandemiya dövründə dünyanın bütün ölkələrində olduğu kimi Azərbaycanda da cari ilin 6 ayında ümumdaxili məhsul 2,7 faiz, turizm sektoru 48 faiz, tikinti sektoru 14,5 faiz tənəzzülə uğramışdır. Bu da, havaların quraqlıq keçməsi, karantin dövründə ölkəmizin sərhədlərinin bağlı olması, tikinti sektorunda işlərin dayandırılması ilə bağlıdır. Sözsüz ki, Möhtərəm cənab Prezidentin dediyi kimi dünya iqtisadiyyatı pandemiyadan çıxmağa başlayan kimi bu sahədə vəziyyət bərpa olunacaqdır.
İcra başçısı cari ildə ölkəmizdə kənd təsərrüfatının 2,2 faiz, qeyri-neft sektorunda sənaye istehsalının 11 faizdən çox artdığını bildirmişdir.
Qeyd olunmuşdur ki, cənab Prezident giriş nitqində bildirmişdir ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhəddində Tovuz rayonu istiqamətində növbəti dəfə Azərbaycan ərazisinə təcavüz etmiş, ordumuz şəhidlər vermişdir. Ermənistan təxribatın səbəbkarı kimi Azərbaycanı göstərməyə cəhd etsə də buna nail ola bilməmişdir. Çünki Azərbaycanın Ermənistanla dövlət sərhəddində hər hansı bir hərbi məqsədi yoxdur. Ordumuzun layiqli cavabı ilə düşməndən hərbçilərimizin intiqamı alınmış, ona güclü zərbə endirilmişdir.
Ölkə rəhbəri törədilən təxribatla bağlı təcili Təhlükəsizlik Şurasını toplamış, vəziyyət müzakirə edilmişdir.
Rayon rəhbəri iyun ayının 3-də respublika prezidenti cənab İlham Əliyev rayonumuza növbəti səfəri zamanı Dövlət Rəmzləri Muzeyinin, Olimpiya İdman Kompleksinin, “Azərxalça” ASC-nin Tərtər filialının, 110/35/6 kilovotluq “Tərtər elektrik yarımstansiya”sının və Buruc-Güləbatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı avtomobil yolunun yenidənqurmadan sonrakı açılışında iştirak etməsindən və “Tərtər rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” və “Tərtər rayonunun Xoruzlu kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında” verdiyi Sərəncamlardan da danışmışdır. O, koronavirus pandemiyasının tüğyan etdiyi belə bir çətin dövrdə vaxt tapıb rayonumuza səfər etdiyinə görə ölkə başçısı cənab İlham Əliyevə sakinlərimiz adından minnətdarlığını bildirmişdir.
Qeyd olunmuşdur ki, cari ilin 6 ayında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Tərtər şəhərində Rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisi davam etdirilir və son tamamlama işləri aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən uzunluğu 33.5 km olan Səhləbad-Əskipara-Qaraağacı-Yuxarı Qaradağlı-Qapanlı-Qaynaq-Yuxarı Qapanlı-Qazyan-Təzəkənd-Hüsənli kəndlərarası avtomobil yolunda əsaslı təmir işləri başa çatdırılmış, asfalt örtüyü qoyulmuşdur.
Uzunluğu 10 km olan İsmayılbəyli-Evoğlu yolunda asfalt örtüyü qoyulmuş, uzunluğu 3.6 km olan Kəngərli kəndarası avtomobil yollarının əsaslı təmiri başa çatmışdır.
Tikintisi 2018-ci ildən başlayan Tərtər rayonunun Kovdadıq kəndində 20 şagird yerlik ibtidai və Zolgəran kəndində 56 şagird yerlik ümumi orta modul tipli məktəblərin tikinti işləri başa çatmışdır.
Tərtər şəhər 5 saylı və Xoruzlu kənd tam orta məktəblərinə yeni məktəb binalarının tikintisi üçün layihə-smeta sənədləri hazırlanır.
Dövr ərzində ümumi məhsul buraxılışının həcmi rayonumuzda 99 milyon 264,9 min manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 3,7 faiz artmışdır.
Tikinti-quraşdırma işlərinin həcmi 50,5 faiz, informasiya və rabitə xidmətlərinin həcmi 11.5 faiz artmışdır.
Rayon əhalisinin məşğulluğunun təmin edilməsi məqsədi ilə cari ilin 6 ayı ərzində 592 yeni iş yeri açılmışdır.
Cari ilin məhsulu üçün əkilmiş 10599.8 hektar taxıl sahəsi biçilmiş və 42056.1 ton məhsul istehsal edilmişdir. Hər hektardan orta məhsuldarlıq ötən ilə nisbətən 0.9 sentner artaraq 39.7 sentner olmuşdur. 6056.9 hektar buğda sahəsindən 25620 ton buğda, 4542.9 hektar arpa sahəsindən 16436.1 ton arpa məhsulu istehsal olunmuşdur. Hər hektardan orta məhsuldarlıq buğda üzrə 42.3 sentner, arpa üzrə 36.7 sentner olmuşdur. Ötən ilə nisbətən buğdanın məhsuldarlığı 0.7 sentner, arpanın məhsuldarlığı 2.5 sentner artmışdır. Rayonumuz buğdanın məhsuldarlığına görə əvvəlki illərdə olduğu kimi bu il də respublikada ön sıralardadır.
Rayonda 2981 hektar sahədə pambıq, 307.1 hektar sahədə şəkər çuğunduru, 1852.1 hektar sahədə dən üçün günəbaxan əkilmişdir. Sahələrdən bol məhsul götürülməsi üçün hazırda aqrotexniki qaydalara uyğun olaraq suvarma və becərmə işləri görülür.
Cari ildə rayonumuzun kümçüləri 12.1 ton barama tədarük etmişlər. Barama tədarükü 2019-cu ilə nisbətən 33.9 faiz azalmışdır.
Aqrolizinq yolu ilə rayona gətirilmiş cins malların sayı 710 başdır. 2020-ci ilin 6 ayı ərzində rayonda süni mayalanma yolu ilə 711 baş inək və düyə mayalandırılmışdır. Süni mayalanma yolu ilə 654 baş buzov doğulmuşdur.
Rayonda movcud olan 531 ədəd subartezian quyularından 521 ədədi saz və işlək vəziyyətdədir. 2020-ci ilin yanvar-iyun ayları ərzində 139 ədəd subartezian quyusunun nasosları əsaslı təmir olunmuş, 30 ədəd subartezian quyusunun yararsız nasosları yenisi ilə əvəz olunmuşdur.
Susuzluqdan zərər çəkən ərazilərin su təminatınının yaxşılaşdırılması məqsədilə 2019-cu ildə rayonun müxtəlif kəndlərində yeni qazılmış 13 ədəd subartezian quyusu 2020-ci ildə idarənin balansına götürülərək istismara verilmişdir. Bundan əlavə cari ildə ölkə Prezidentinin Sərəncamı ilə daha 21 ədəd yeni subartezian quyusu qazılması nəzərdə tutulmuş və hazırda 9 ədəd quyuda qazma işləri başa çatmışdır.
Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə IX və XI siniflərdə buraxılış imtahanları keçirilmiş, IX siniflər üzrə 857 nəfər şagirddən 850 nəfərinə ümumi orta təhsil haqqında attestat, XI siniflər üzrə 591 nəfər şagirddən 587 nəfəri iştirak etmiş və həmin şagirdlərin hər birinə tam orta təhsil haqqında attestat verilmişdir. Yaxşı haldır ki, cari dərs ilində rayonumuzda IX siniflər üzrə 5 nəfər, XI siniflər üzrə isə 1 nəfər şagird, ümumilikdə 6 nəfər şagird Fərqlənmə attestatı almışdır.
14 mart 2020-ci il tarixdən Mərkəzi Rayon Xəstəxanası gücləndirilmiş iş rejimində işləyir. Mövcud pandemiya ilə əlaqədar 1 iyul 2020-ci il tarixədək 1786 nəfərdən COVİD-19 pandemiyası ilə əlaqədar yaxma götürülmüş, 37 pozitiv cavab olmuş, xəstələr karantin xəstəxanalarında müalicə alıb sağalmışdır.
İclasda Milli Məclisin deputatı Sahib Alıyev çıxış edərək əvvəlcə tədbir iştirakçılarını salamlamış, sonra isə təsərrüfatlarda olan su qıtlığından söhbət açmış, bildirdirmişdir ki, Milli Məclisdə bununla bağlı məsələ qaldırıb, onun tərəfindən suvarma sisteminin tamamilə dəyişdirilməsi, itkilərin qarşısının alınması, ədalətli bölgü tətbiq edilməsi ilə bağlı təkliflər irəli sürüb.
Deputat dövlətimizin sosial dövlət olduğunu, həmişə insan faktoruna yüksək qiymət verildiyini vurğulayıb. Qeyd edib ki, dövlət tərəfindən ötən il 904 şəhid ailəsi, Qarabağ qazisi evlə təmin olunduğu halda, cari ildə pandemiya dövründə bu rəqəm 1500 olub.
Deputat təhsil sistemindəki qiymətləndirmədən də danışıb, Tərtər Təhsil Şöbəsinin bu sahədə müsbət irəliləyişini dilə gətirib.
Milli Məclisin deputatı bəzi saytlarda öz dəyərlərini artırmaq üçün icra başçılarını, deputatları hədəf seçən “üzdəniraq” yazarlar haqqında da danışıb.
İclasda Azərbaycan Respublikası Nazirlər Kabinetinin koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi ilə bağlı verdiyi qərar və göstərişlərin həyata keçirilməsi ilə bağlı rayonda görülən işlər, 2021-ci il kənd təsərrüfat əkini ilə bağlı sualtı yerlərin müəyyənləşdirilməsi, suvarma, Məhərrəmlik ayı ilə bağlı məsələlər də müzakirə edilib.
Müzakirələrdə Subartezian Quyuları İstismarı İdarəsinin rəisi Əli Əliyev, Suvarma Sistemləri İdarəsinin rəisi Zahid İbrahimov, Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mehman Babayev, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC Tərtər Pambıq İstehsalı və Tədarükü Məntəqəsinin direktoru Feyruz Babayev, “MKT İK” MMC-nin “MKT” Tərtər filialının direktoru Fəqani Hacıyev, İmişli Şəkər İstehsalat Birliyinin Tərtər bölgəsi üzrə nümayəndəsi Loğman Müseyibov, Su-kanal idarəsinin rəisi Elnur Abbasov, Həsənqaya kənd İƏD üzrə nümayəndə İlqar Qasımov, rayon mərkəzi xəstəxanası üzrə Publik hüquqi şəxsi, direktor Yaşar Hüseynov, Elektrik şəbəkəsinin rəisi Vilayət Qafarov, Yuxarı Qapanlı kənd İƏD üzrə nümayəndə Azər Cabbarov, Dəmirçilər kənd İƏD üzrə nümayəndə Sədiqə Əhmədova, Tərtər Cümə Məscidinin axundu Sadiq Cəfərov da iştirak etmişlər.
Kəngərli kənd İƏD üzrə nümayəndə Xamiz Əsgərov Kəngərli kəndinin kəndarası yollarına asfalt salındığı üçün kənd sakinləri adından Azərbaycan Respublikası Prezidentinə öz minnətdarlığını bildirmişdir.
İcra başçısı əlaqədar təşkilatlara koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri ilə bağlı karantin və gigiyenik qaydalarına ciddi surətdə əməl etməyi, qoruyucu vasitələrdən istifadə etməyi, sosial məsafə gözləməyi, yerlərdə dizenfeksiya tədbirlərini vaxtl-vaxtında həyata keçirməyi, sərnişin daşınması ilə məşğul olan nəqliyyat vasitələrində, xidmət obyektlərində vaxtaşırı reydlər keçirməyi, yol verilən nöqsanların vaxtında aşkar edilməsi ilə bağlı mobil qrupların işini gücləndirməyi tapşırdı. Yas, toy-nişan, ad günləri, məhərrəmlik ayı ilə bağlı dini mərasimlərin keçirilməsinin, 5 nəfərdən artıq şəxslərin bir yerə toplanmasının qəti surətdə qadağan olunduğunu bir daha vurğuladı.
Bələdiyyələrə vəsaitin yığılmasında neqativ halların aradan qaldırılması, nümayəndəliklərə ərazidə olan təsərrüfatların sayının dəqiqləşdirilməsini, gələn il üçün əkinlərin sututan ərazilərdə aparılmasını tapşırdı.