Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət başçısının öz vətəndaşına qayğısı

24 iyul 2020 | 16:00

Erməni quldurlarının varlığı sanki qandan-qadadan, qatillikdən və vəhşilikdən yoğrulub, onlar dəfələrlə azərbaycanlıdır deyə qocaya-cavana, kişiyə-qadına, böyüyə-uşağa baxmadan amansızcasına qətillər törədiblər, dinc və əliyalın insanları min-bir əzabla öldürüblər, işgəncə veriblər. Diri-diri gözlərini çıxarıblar, əzalarını doğrayıblar, yenə də bəsdir deməyiblər. Bu erməni xisləti, məkiri və qəddarlığı indi də davam edir. Torpaqlarımızın 20 faizini işğal edən mənfur ermənilər əlavə ərazilər zəbt etmək məqsədi ilə tez-tez basqınlar törədir və mülki əhalini atəşə tuturlar. Bu dəfə isə iyulun 12-dən etibarən Ermənistan Respublikası Silahlı Qüvvələri Tovuz rayonu istiqamətində xaincəsinə, qəsdən və hədəflənmiş şəkildə yaşayış məntəqələrimizi, dinc əhalini iri çaplı silahlardan və ağır artilleriya qurğularından intensiv atəşə tutub. Bunun nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Dəymiş ziyanın aradan qaldırılması məqsədilə Ölkə Prezidenti tərəfindən “Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Bu Sərəncamla mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın qısa müddətdə qiymətləndirilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə tapşırılıb.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə bağlı Tovuz rayonunda işlərə başlanılıb və təcili tədbirlər görülür. Bu məqsədlə İşçi Qrup yaradılıb, mütəxəssislər cəlb edilib, ekspertlər dərhal Tovuz rayonuna ezam olunublar. Vəziyyətlə bilavasitə yerində tanış olmaq ucun hücuma məruz qalmış yaşayış məntəqələrində hərbi təcavüzdən zərər çəkmiş dinc əhalinin, onların əmlaklarının, dövlət obyektlərinin vəziyyəti öyrənilir. Dəymiş ziyanın qısa müddətdə qiymətləndirilməsi təmin ediləcək. Ekspertlər tərəfindən hazırlanacaq və təqdim ediləcək qiymətləndirmə məlumatlarına əsasən, dinc əhaliyə, yaşayış ərazilərinə, dövlət və bələdiyyə əmlakına, təsərrüfatlara, infrastruktura dəymiş ziyanın aradan qaldırılması ilə bağlı hökumət tərəfindən Tədbirlər Planı hazırlanacaq. Hərbi hücum nəticəsində zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin sürətlə həyata keçirilməsi üçün təkliflər Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcək.

Əsas ziyan Tovuz rayonunun 6 kəndinə – Ağdam, Əlibəyli, Dondar Quşçu, Vahidli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərinə dəyib. İlkin qiymətləndirmələrə görə, dinc əhaliyə məxsus 35 evin müxtəlif dərəcədə ziyan çəkdiyi müəyyən edilib.

İntensiv atəş nəticəsində dövlət əmlakına da zərər dəyib – bu əsasən, kəndlərə çəkilən qaz boruları, elektrik naqilləri, sosial və rabitə infrastrukturudur.

İşlərin gedişi dövlət başçısının şəxsi nəzarətindədir.

Azərbaycan dövləti vətəndaşının yanındadır. Dövlətimiz Azərbaycanının ərazı bütövlüyü uğrunda vuruşanları, canını fəda edənləri heç vaxt unutmur, onlara və ailələrinə hər zaman həssaslıqla yanaşır. Tovuz rayonu istiqamətində döyüşlərdə şəhid olan bütün hərbi qulluqçuların ailələrinin qayğıları öyrənilir və onların həlli istiqamətində addımlar atılır.

Dövlət başçısı İlham Əliyevin tapşırığı ilə şəhid general Polad Həşimov və şəhid polkovnik İlqar Mirzəyevin ailəsinə ev verilib.

Mehriban Əliyeva Tovuz istiqamətində şəhid olan 12 hərbçi ilə bağlı Heydər Əliyev Fonduna tapşırıq verib. Şəhid olan hərbçilərin ailə üzvlərinin bütün qayğıları daim Fondun nəzarətində olacaq.

Ermənistan silahlı qüvvələri tərəfindən ziyan görmüş cəbhəyanı rayonlarda infrastruktur bərpa olunur, yeni qəsəbələr salınır, yeni təsərrüfatlar, müəssisələr yaradılır.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, 2016-cı ilin aprel döyüşlərində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması üçün Ağdam və Tərtər rayonlarının hər birinə 3 milyon manat vəsait ayrılıb, yaşayış məntəqələrində ciddi ziyan dəymiş evlərin və sosial obyektlərin tikintisi, təmiri və bərpası işləri altı ay ərzində başa çatdırılıb (2016-cı il aprel döyüşləri zamanı mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı həmin vaxt aparılan işlərə dair arayış əlavə edilir).

Tərtər rayonunda ciddi dağıntıya məruz qalmış 4 ev yenidən tikilib, 8 ev bərpa olunub. Həmçinin 19 evdə əsaslı, 231 evdə isə cari təmir işləri aparılıb. Bundan başqa, Tərtər şəhər 6 saylı tam orta və 120 şagird yerlik Qazyan kənd ümumi orta məktəblərində əsaslı təmir işləri görülüb.

Bir sözlə, Azərbaycan vətəndaşları nə vaxt dara düşsə, dövlətimiz həmişə onlara arxa olur, Prezident İlham Əliyev isə daim ölkə əhalisinin yanındadır. Bu güvənc Azərbaycan vətəndaşlarında sabaha inamı artırır və tezliklə yağı düşmən üzərində qələbəyə əminlik yaradır.
 

Keçidlər