Tərtərdə karantin rejiminin vəziyyəti ilə bağlı reydlər davam etdirilir
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayon polis şöbəsinin rəisi Elçin Qasımov və mobil qrupun üzvləri ilə birlikdə Respublika Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Nazirlər Kabineti yanında Operativ Qərargahın sərtləşdirilmiş karantin tətbiq edilməyən bölgələrdəki vəziyyətlə bağlı Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən geniş tərkibli videomüşavirədə verilən tapşırıqlara uyğun olaraq Tərtər şəhərində növbəti reyd keçiriblər. Onlar sakinlərlə, ictimai nəqliyyatdan istifadə edən vətəndaşlarla, qida məhsulları satılan ticarət obyektlərində, ictimai-iaşə obyektlərində çalışan şəxslərlə görüşüb, vətəndaşlarla maarifləndirici söhbətlər aparıblar. Vətəndaşlara mobil qrupun üzvləri tərəfindən metodiki təlimatlar paylanılıb.
Sakinlərə xəstəliyin yayılmasının qarşısının alınması üçün sosial məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruri olduğu, gigenik qaydalara düzgün riayət olunması tövsiyyə olunub.
Karantin qaydalarına əməl etməyənlərin haqqında ciddi şəkildə inzibati cəza tədbirləri görüldüyü bildirilib.
Reyd zamanı karantin qaydalarını pozduğuna və antisanitar şəraitdə fəaliyyət göstərdiyinə görə şəhərin Elman Hüseynov küçəsində yerləşən Rəfailli Sənan Ziyəddin oğluna məxsus “059” İdman zalı bağlanılıb, 29 ticarət və ictimai-iaşə obyektinə xəbərdarlıq edilib, 6 nəfər- Rəcəbov Rövşən Bayram oğlu, Əmrahov Elnur Xan oğlu, Həsənov Mircəbrayıl Mirinşallah oğlu, Əlili Nicat Adil oğlu, Musayev Səbuhi Sayəddin oğlu və Heydərov Zöhrab Rüstəm oğlu qoruyucu maskalardan istifadə etmədikləri üçün yüz manat cərimə olunub.
Hazırda Nazirlər Kabineti yanında Operativ qərərgahın göstərişinə əsasən rayonda koronavirus pandemiyasına qarşı mübarizə aparmaq üçün hər birində 4 nəfər olmaqla 59 mobil qrup fəaliyyət göstərir.
Azərbaycan Respublikası Nazırlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərar və sərəncamlarına uyğun olaraq koronovirus pandemiyasına qarşı mübarizə tədbirlərinin tətbiq olunmasına nəzarəti gücləndirmək məqsədilə rayon ərazisində reydlər davam etdirilir.