Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə karantin rejiminin vəziyyəti ilə bağlı reyd keçirilib

03 iyul 2020 | 16:00

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, polis şöbəsinin əməkdaşlarının, mobil qrupların üzvlərinin iştirakı ilə koronavirus (COVİD-19) pandemiyasının Tərtər  rayonu ərazisində yayılmasının qarşısının alınması və Azərbaycan Respublikası Nazırlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərar və sərəncamlarına əsasən bu infeksiyaya qarşı mübarizə tədbirlərinin tətbiq olunmasına nəzarəti gücləndirmək məqsədilə reyd keçirib.

Reyd əsasən şəhərin mərkəzi küçə və meydanlarını, mərkəzi bazar ərazisini, ictimai-iaşə obyektləri və ictimai nəqliyyat vasitələrini əhatə edib.

Rayon rəhbəri əhali ilə söhbət zamanı Prezident İlham Əliyevin səyləri ilə koronavirus pandemiyasının fəsadlarının minimuma endirilməsi məqsədilə həyata keçirilən təxirəsalınmaz qabaqlayıcı tədbirlərdən danışıb.  Vətəndaşları karantin rejiminin tələblərinə ciddi şəkildə əməl etməyə, onları gigiyenik qaydalara riayət etməyə, qoruyucu vasitələrdən spirt, maska və əlcəkdən mütəmadi istifadə etməyə, insanlarla sosial məsafə gözləməyə çağırıb.

Vətəndaşların diqqətinə çatdırılıb ki, karantin rejiminə aid məhdudiyyətlərin bir qismi mərhələli şəkildə yumşaldıldıqdan sonra “COVID-19” infeksiyasına yoluxanların sayı kəskin artıb.

Reyd zamanı həmçinin aidiyyatı qurumların, ictimai-iaşə obyektlərinin və ərzaq mağazalarının rəhbərlərinə karantin rejiminin tələblərinə ciddi əməl olunması barədə göstərişlər verilib.

Söhbət zamanı sakinlər dövlət tərəfindən karantin qaydalarına düzgün riayət etməyənlər barədə ciddi inzibati tədbirlər görülməsinə müsbət yanaşdıqlarını, görülən tədbirlərin məhz insanlarımızın sağlamlığına xidmət etdiyini bildirib, göstərilən diqqət və qayğıya görə respublika Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq ediblər.

Keçidlər