Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyevin BMT Baş Assambleyasının COVİD-19-a həsr olunan xüsusi sessiyası: Dünya Dövlətlərinin Azərbaycana olan böyük etimadı və hörməti

29 iyun 2020 | 16:00

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dünya dövlətləri sırasında öncül yerlərdən birinə layiq olduğu bir daha əyani şəkildə sübut edildi. Prezident İlham Əliyevin qlobal liderlik qabiliyyəti, dünyada cərəyan edən hadisələrə operativ və real reaksiyası, müxtəlif beynəlxalq məsələlərin həllində təşəbbüskarlığı, siyasi iradə göstərməsi ona çox yüksək nüfuz və hörmət qazandırmışdır.

Prezident İlham Əliyev həmişə öz çıxışlarında qeyd edir ki, COVİD-19 pandemiyası şəraitində özünü təcrid xarakter daşıyan tədbirlər əvəzinə qlobal həmrəyliyə və qlobal baxışa böyük ehtiyac vardır.

Təəssüf ki, bu günə kimi beynəlxalq münasibətlər sistemində BMT və onun əsas qurumları olan Baş Assambleya və Təhlükəsizlik Şurasının rolu görünmür. BMT Təhlükəsizlik Şurasının xüsusi iclaslarının çağırılması təşəbbüsü fikir ayrılığına görə baş tutmadı. BMT Baş Məclisi çərçivəsində bir neçə qətnamə layihəsi irəli sürülsə də onların da əksəriyyəti uğurla nəticələnmədi.

Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi təşəbbüsü ilə 2020-ci il mayın 4-də QH-nin Təmas Qrupunun COVİD-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə Görüşü təşkil edildi. Tərkibində 120 ölkəni birləşdirən QH BMT-dən sonra dünya dövlətlərinin təmsil olunduğu ikinci ən böyük siyasi təsisatdır.

Azərbaycan Respublikası COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə ayırmış, 30-dan artıq dövlətə humanitar yardım vermişdir.

Prezident İlham Əliyev Qoşulamama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etdi.

BMT-nin təsis olunmasından indiyə qədər Baş Assambleyanın xüsusi sessiyaları məhdud sayda keçirilmişdir.

Təklif Nyu Yorkda 120 QH üzv ölkələri arasında yekdilliklə razılaşdırılmış və bunun ardınca QH-nin sədri Prezident İlham Əliyev QH ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə BMT baş katibi Antonio Quterreşə müraciət ünvanlamışdır.

Qaydalara əsasən, BMT-yə üzv ölkələrin çox hissəsi (97 ölkə kifayətdir) təşəbbüsə dəstək verdiyi təqdirdə, xüsusi sessiya təşkil olunmalıdır. Rəsmi məlumatlara görə, sözügedən müddətin bitməsinə qədər 130- a qədər ölkə təşəbbüsə dəstək verdikləri barədə Baş katibin ofisini məlumatlandırmışlar.

Bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət Ermənistan olmuşdur. Bütün dünya COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini bildiyi halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etdi. Bütün dünya bir daha Ermənistanın əsl irticaçı mahiyyətinin şahidi oldu.

Təşəbbüsü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə edir. Onlar arasında BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən tutmuş kiçik ada ölkələrinə qədər vardır. Dövlətlər tərəfindən bu məsələ ilə əlaqədar BMT Baş Katibinə ünvanlanan məktublarda Prezident İlham Əliyevinin Baş Assambleyanın Xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün vaxtında verilmiş və çox ehtiyac duyulan təşəbbüs olduğu qeyd olunur.

Xüsusi sessiya pandemiya qarşısında beynəlxalq ictimaiyyətin tam olaraq səfərbər olunmasına şərait yaradacaq və bu qlobal təhdidə qarşı qlobal cavabın tapılmasına öz müsbət töhfəsini verəcəkdir. COVİD-19 pandemiyasının davam etməsi bir daha onu göstərir ki, dünya ölkələrinin dövlət və hökumət başçıları səviyyəsində dünya parlamenti adlandırılan BMT Baş Assambleyasının Xüsusi sessiyası çərçivəsində təcili və təxirəsalınmadan bir araya gəlməsinə, dünyanı bürüyən COVİD-19 bəlasından çıxış yollarını müzakirə etməsinə və həll yollarının tapılmasına böyük ehtiyac və tələbat vardır.

Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi altında QH-da sədrliyi dönəmində bundan sonra da multilateralizmə, dünya ölkələrinin ümumi təhdidlər qarsında birləşməsinə və qlobal həmrəyliyin gücləndirilməsinə yönəlmiş fəaliyyətini davam etdirəcəkdir.

Prezident İlham Əliyevin COVİD-19-a qarşı ümumdünya mübarizəsi ilə bağlı təşəbbüsünə dünya dövlətləri liderlərinin göstərdiyi münasibət Azərbaycanın dövlət başçısına göstərilən yüksək etimadın əyani təzahürüdür.

Keçidlər