Genetik Ehtiyatlar İnstitutunun Qarabağ Elmi-Tədqiqat Bazasında təcrübə məqsədilə becərilmiş taxılın biçini yekunlaşıb
Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun Tərtər rayonunda yerləşən Qarabağ Elmi-Tədqiqat Bazasında təcrübə məqsədilə becərilmiş taxılın biçini yekunlaşıb.
Qarabağ Elmi-Tədqiqat Bazasında dənli taxıl bitkilərinin seleksiyası və toxumçuluğu üzrə tarla təcrübələri müxtəlif pitomniklərdə, o cümlədən müsabiqəli sort sınağı, rayonlaşdırılmış sortların toxumçuluğun birinci manqası və toxum pitomnikində həyata keçirilir. Bundan başqa, 2019-cu ildə rayonlaşdırılmış "Maya" bərk və "Start" yumşaq buğda sortlarında aprobasiya işləri yekunlaşıb, artırma və super elit toxum almaq məqsədilə səpilmiş ilkin toxumçuluq əkinlərinin yığımı da başa çatıb. Hər hektarın orta məhsuldarlığı 50 sentner təşkil edir. İstehsal olunmuş məhsuldar elit toxumlarının fermerlərə verilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Genetik Ehtiyatlar İnstitutunun alimləri tərəfindən qısa müddət ərzində Qarabağ Elmi-Tədqiqat Bazasında yumşaq buğdanın 6, bərk buğdanın 2, eləcə də arpanın 2 sortu yaradılıb. "Cənub", "Almaz", "Xəmsə", "Leyla", "Alyans" və digər bərk və yumşaq buğda sortlarının dövlət sort sınağı uğurla davam edir. Rayonlaşmış "Maya", "Start" və "Cənub" sortlarının toxumçuluğuna başlanılıb.