Tərtərdə yanğın təhlükəsizliyi ilə bağlı tədbir keçirildi
Tərtər rayonunda taxıl biçininin mütəşəkkil qaydada həyata keçirilməsi və taxıl zəmilərində, otlaq sahələrində, habelə meşə fondu ərazisində baş verə biləcək yanğınların qarşısının alınması məqsədilə rayon icra hakimiyyəti başçısının 16 iyun 2020-ci il tarixli sərəncamı ilə Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin yerli qurumlarının, hüquq mühafizə orqanlarının, icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, bələdiyyələrin və digər aidiyyəti qurumların rəhbərlərindən ibarət xüsusi qərargah yaradılmışdır.
İyunun ayının 18-də Heydər Əliyev adına parkda açıq havada karantin qaydalarının şərtlərinə uyğun olaraq, sosial məsafə gözlənilməklə qərargah üzvlərinin iştirakı ilə tədbir keçirilmişdir.
Tədbirdə qərargah üzvlərindən rayon icra hakimiyyəti başçısı aparatının Ərazi idaretmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Füzuli Əliyev, Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin böyük inspektoru Sadiq Bəbişov, rayon polis şöbəsinin rəis müavini Mahir Hüseynov, Dövlət Yanğından Mühafizə hissəsinin rəis müavini Vüqar Nəcəfov çıxış edərək, biçilmiş taxıl zəmilərinin, o cümlədən həmin sahələrin yüksək gərginlikli hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında yerləşən hissələrinin şumlanması, habelə meşə yanğınlarına qarşı mineral zolaqların çəkilməsi, məişət və sənaye tullantılarının həmin ərazilərə atılmaması barədə əhali arasında, ilk növbədə fermerlər və torpaq mülkiyyətçiləri ilə geniş izahat işlərinin aparılmasını qeyd etdilər, bu istiqamətdə qarşıda duran vacib məsələlərdən danışdılar. Bilərəkdən yanğın hadisəsi törədərək təbiətə və torpağın münbit qatına ziyan vuran şəxslərin müəyyən edilərək barələrində inzibati qaydada tədbirlərin görüləcəyini bildirdilər.