Qurtuluş Günü Azərbaycan xalqının taleyində həlledici və ən dəyərli gündür
Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan – Ulu Öndər Heydər Əliyev olmuşdur.
XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı. Beləliklə, 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Hadisələri düzgün qiymətləndirə bilməyən o vaxtkı iqtidar əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi.
Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi və bu məhz Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Bütün xarici və daxili maneələrə baxmayaraq qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. Bu sahədə yürüdülən siyasət respublikanı informasiya blokadasından çıxardı. Dünyada ölkəmizlə bağlı formalaşan fikir müsbət yönümdə dəyişdi. Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi.
Ulu Öndər Heydər Əliyevin qətiyyətinin, uzaqgörənliyinin qarşısında aradan qaldırılması mümkün olmayan məsələ yox idi. Bu mənada 1993-cü ildən sonra cərəyan edən siyasi-ictimai, iqtisadi proseslər bütün sahələrdə inkişafa doğru dönüş yaradılması həqiqətəndə ölkəmizə, milli mənafelərimizi əldə rəhbər tutan qətiyyətli liderin, əsil siyasətçinin rəhbərlik etməsindən xəbər verirdi. O siyasətçidən ki, üzləşdiyi çətinliklərə, maneələrə, dövlət çevirilişi cəhdlərinə baxmayaraq Azərbaycanı parçalanmaqdan, vətəndaş müharibəsindən qurtardı. Heydər Əliyevin prezident seçilməsi isə Azərbaycanda tamamilə yeni bir ictimai-siyasi münasibətlər sisteminin bərqərar edilməsinə, nəhayət ümumxalq maraqlarının gərçəkləşməsinə xidmət edən proseslərin start götürməsinə səbəb oldu. Xalqın özünə inamını, sabaha nikbin baxışlarını bərpa etdi, dövlətçiliyimizin əsasını təmin edən ictimai-siyasi sabitliyin əsasını qoydu. İlk dəfə Prezident seçildikdən sonra andiçmə mərasimində Ulu Öndər Heydər Əliyev belə bir söz söyləmişdi: “Mən ömrümün qalan hissəsini xalqıma bağışlayıram”. Həqiqətən zaman bu deyilənləri sübut etdi, daha doğrusu Ulu Öndər Heydər Əliyev öz yorulmaz fəaliyyəti, canı-qanı bahasına, çəkdiyi minbir əziyyətlə buna nail oldu.
Ulu öndər Heydər Əliyev Azərbaycanı qüdrətli, nüfuzlu, demokratik və dünyəvi bir dövlət kimi görmək istəyirdi, onun hər addım və hərəkətləri məhz buna yönəlmişdi. Məhz Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində 1995-ci ilin noyabrında demokratik, hüquqi dövlətin təməlini təşkil edən Konstitusiya qəbul olundu. Beləliklə, ölkədə daha geniş miqyaslı islahatların aparılması üçün normativ-hüquqi bazanın formalaşdırılmasına başlandı. Odur ki, Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür. Qurtuluş günü Azərbaycanın xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtulduğu, sabitliyə, əmin-amanlığa, demokratiyaya qovuşduğu gündür. Ümummilli Liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı. 15 İyun tarixi təkcə dövlətçiliyimizin xilası deyildi. Bu tarix həm də Azərbaycanın bu gününü, sabahını müəyyənləşdirdi.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında aparılmış son dərəcə gərgin fəaliyyət nəticəsində Azərbaycan xalqının taleyi ilə pərdəarxası oyunlara, siyasi anarxiya və eksperimentlərə son qoyulmuş, ölkədə cinayətkarlığın qarşısı tam alınmış, bütün qanunsuz silahlı dəstələr ləğv olunmuşdu ki, bunlar da bütövlükdə Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması üçün şərait yaratmışdı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı Heydər Əliyevin qətiyyəti sayəsində alınmış, dövlət müstəqilliyi qorunub saxlanmışdır. Məhz buna görə də ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət almışdı ki, bunun da əsasını müstəqil Azərbaycanın qəbul etdiyi ilk Konstitusiya təşkil edirdi. Ondan sonrakı dövrdə Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi şəxsən Heydər Əliyevin adı ilə bağlıdır.
Ulu Öndər Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda etiraf olunan uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olub.
Ulu Öndər Heydər Əliyevin fəal diplomatiyası nəticəsində Azərbaycan dünyanın demokratik dövlətlərinin və aparıcı ictimai təşkilatlarının ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişməsinə nail ola bilib. Ulu Öndər Heydər Əliyevin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil edib. Onun dünya təcrübəsinin bütün nailiyyətlərini, sivil beynəlxalq normaları özündə tam əks etdirən sülhsevər xarici siyasətinin əsasında isə, ilk növbədə, milli müstəqilliyin möhkəmləndirilməsi, dövlətlərin hüquqlarına hörmətlə yanaşılması, bütün mübahisəli məsələlərin sülh və danışıqlar yolu ilə həll edilməsi, qarşılıqlı surətdə faydalı iqtisadi, elmi və mədəni əməkdaşlıq yaradılması, dövlətlərarası əlaqələrə mane olan hər cür məhdudiyyətlərin aradan qaldırılması prinsipləri dayanırdı.
Ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Ölkəmizin inkişaf strategiyası məhz ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Bir mənalı əminliklə demək olar ki, Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur.
Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Möhtərəm Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı ulu öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir. Cənab Prezidentin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Azərbaycana gələn hər bir xarici vətəndaş ölkəmizdə gedən inkişafa heyran qalır. Azərbaycan digər ölkələrin əsrlərlə keçdiyi yolu qısa müddət ərzində çətinliklərlə qarşılaşsada bir neçə ilə keçib. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin ideyaları işığında Möhtərəm Prezident İlham Əliyevin və Birnci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.