Tərtərdə barama tədarükünə başlanıb
Prezident İlham Əliyevin tapşırığına əsasən respublikamızda ipəkçiliyin inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi Tərtər rayonunda da ənənəvi sahələrdən olan baramaçılığın inkişafına təkan verib.
Artıq rayonda yaş barama tədarükünə başlanılıb. Qəbul məntəqəsində baramanın qəbulu üçün lazimi şərait yaradılıb. Mövsümün ilk günlərində kümçülərin yetişdirdikləri 2235 kiloqram məhsul “Azəripək” MMC nümayəndələri tərəfindən qəbul edilib.
Qeyd edək ki, 2019-cu ildə rayonda 18 min 322 kiloqram barama istehsal edilib. Bu il isə 20 min kiloqram barama istehsalı nəzərdə tutulub.
Kümçülər dövlət başçısının baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələrin əhalinin həyat səviyyəsinin yüksəldilməsinə xidmət etdiyini, qısa müddət ərzində zəhmətlərinin bəhrəsini gördüklərini bildirib, ipəkçiliyin gəlirli sahə kimi bundan sonra da inkişaf etdiriləcəyinə əminliklərini ifadə ediblər.