İyunun 3-də Tərtər rayonunda Buruc-Gülabatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib.
İyunun 3-də Tərtər rayonunda Buruc-Gülabatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yolun açılışında iştirak edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına yolun texniki göstəriciləri barədə məlumat verdi.
Bildirildi ki, 6 min 800 nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən yolun uzunluğu 21,5 kilometrdir. Dördüncü texniki dərəcəli yolun hərəkət hissəsinin eni 6 metr, hərəkət zolaqlarının sayı 2-dir. Yolboyu avtobus dayanacaqları, suötürücü borular, yol nişanları və göstərici lövhələr quraşdırılıb, cizgi xətləri çəkilib.
Prezident İlham Əliyevə Tərtərdə icra olunan digər yol layihələri barədə məlumat verildi. Qeyd edildi ki, dövlətimizin başçısının müvafiq tapşırıqlarına və sərəncamlarına uyğun olaraq bu gün Tərtər rayonunda avtomobil yollarının 81 faizi tam asfalt-betonla örtülüb. Qalan 17 kilometr kənd yollarının yenidən qurulması yaxın zamanlarda başa çatdırılacaq.
Qeyd edək ki, ölkəmizdə yol-nəqliyyat kompleksinin yenidən qurulması işi uğurla davam etdirilir. Əgər, əvvəllər ən müasir standartlara uyğun beynəlxalq və respublika əhəmiyyətli magistral yolların salınması diqqət mərkəzində idisə, indi yerli əhəmiyyətli yolların inşasına xüsusi diqqət yetirilir. Dövlətimizin başçısının tapşırıqlarına müvafiq olaraq ölkəmizin demək olar ki, bütün yaşayış məntəqələrində mövcud avtomobil yolları əsaslı təmir edilir və ya yenidən qurulur. Şəhər və rayon mərkəzlərini qəsəbə və kəndlərlə birləşdirən yollar, eləcə də qəsəbə və kəndlərin daxili yolları yenilənir. Cəbhəyanı yaşayış məntəqələrinin sosial problemlərinin həlli istiqamətində dövlətimizin başçısının tapşırıq və sərəncamları ilə həyata keçirilən müxtəlif infrastruktur layihələri içərisində yolların tikintisi və təmirinə xüsusi diqqət yetirilir. Məhz bunun nəticəsidir ki, təmas xəttində yerləşən yaşayış məntəqələrinə gedən yolların əsaslı şəkildə yenidən qurulması davam etdirilir. Tərtər rayonunda da bu istiqamətdə genişmiqyaslı işlər görülür.