Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən növbəti videokonfrans keçirilib

12 may 2020 | 16:00

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov inzibati ərazi dairələri üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə növbəti videokonfrans keçirib. Konfransda Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupunun videokonfrans vasitəsilə keçirilən Zirvə görüşündən, Dövlət Təhlükəsizliyi Xidmətinin ayıq sayıqlığı nəticəsində aşkarlanmış rüşvətxorluq və korrupsiya hallarından, rayonda koronavirus pandemiyasına qarşı görülən işlər, karantin rejimində məhdudiyyətlərin bir qisminin yumşaldılması barədə Operativ Qərargahın qərarından irəli gələn məsələlərdən, yerlərdə vəzifə borclarının icrası və kənd təsərrüfatı işlərinin gedişindən  danışılıb.

Qeyd olunub ki, Qoşulmama Hərəkatının sədri olan Azərbaycanın fəal surətdə çoxtərəfli diplomatiyanı və multilateralizmi təşviq etməsi dünya birliyi tərəfindən təqdir olunur. Habelə, Zirvə görüşündə bu qədər ölkənin iştirakı Azərbaycan Prezidentinin şəxsi nüfuzunun, siyasi təcrübəsi və uğurlu siyasətinin nəticəsidir. Qəbul olunmuş bəyannamədə dəyərli və vaxtında irəli sürülmüş təşəbbüsə görə Prezidentimizə təşəkkürün öz əksini tapması bunun bariz göstəricisidir.

Avropa İttifaqının rəsmisinin Zirvə görüşündə iştirakı və çıxışı Qoşulmama Hərəkatının tarixində ilk dəfə baş vermiş hadisədir. Qeyd olunmalıdır ki, məhz Azərbaycan daim bir-biri ilə əks qütblərdə olan Qoşulmama Hərəkatı ilə Avropa İttifaqını koronavirus təhlükəsi zamanı bir araya gətirməyə müvəffəq olmuşdur.

Pandemiyanın hər kəsin qapısını döydüyü və multilateralizmin demək olar ki can verdiyi şəraitdə belə, Prezident İlham Əliyev nümunəvi addım ataraq pandemiyaya yalnız qlobal əməkdaşlıq və həmrəylik sayəsində qalib gəlməyin mümkünlüyünü dünyaya nümayiş etdirdi.

Sadalanan faktlar Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycanın dünya miqyasında nüfuzunu daim artdığının göstəricisidir.

Konfransda o da qeyd olunmuşdur ki, bəzi məmurlar dünyanı bürüyən COVİD-19 pandemiyasından minimum itkilərlə çıxmasına zəmin yaradan ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyətli siyasətinə qarşı mənəviyyata sığmayan hərəkətlər etmişlər.

Cənab Prezident tərəfindən verilmiş tapşırıqlardan düzgün nəticə çıxarmayan, rüşvət və korrupsiya hallarına son qoymayan şəxslər dövlət tərəfindən ciddi cəzalandırılması davam edir. Dövlət Təhlükəsizliyi Xidmətinin ayıq sayıqlığı nəticəsində aşkarlanmış korrupsiya halları, rüşvətxorluq, dövlət əmlakının talama səbəblərindən həbs olunmuş Ağstafa, Yevlax, Neftçala, Biləsuvar Rayon İcra Hakimiyyətlərinin keçmiş başçılarının düşdüyü vəziyyətdən nəticə çıxarmayan növbəti şəxs İmişli Rayon İcra Hakimiyyətinin başçısıdır. Bu kimi hallar möhtərəm Prezidentimizin dediyi kimi dövlətçiliyə və xalqa xəyanətdir.

Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən dəfələrlə ictimaiyyət qarşısında vəzifəli şəxslərə, xüsusilə icra başçılarına müvafiq tapşırıqların verilməsinə baxmayaraq bu halların baş verməsi dövlətin mənafeyinə ciddi zərbə vurur.

Bəzi məmurlar tutduqları vəzifədən istifadə edərək, sənədlərin verilməsində saxtakarlığa yol verirlər.

1 may 2020-ci il tarixdə rayon icra hakimiyyəti tərəfindən rayon ərazisində Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən karantin dövründə görülmüş işlərin monitorinqi aparılmışdır. Monitorinq zamanı Mamırlı kənd İƏD üzrə nümayəndə Şahid Məmmədovun 101 nəfərə verdiyi arayışın 18-də “Korona virus infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının tələblərin pozulduğu aşkar olunmuşdur. Azərbaycan Respublikası ərazisində koronavirus infeksiyasına qarşı tətbiq olunan xüsusi karantin rejiminin pozulmasına və işdə yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilmiş, toplanmış materiallar aidiyyatı üzrə rayon Prokrorluğuna göndərilmişdir.

Qeyd olunmuşdur ki, Dövlət başçısı Azərbaycan Respublikasının Baş prokurorunu vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edərkən ölkədə korrupsiyaya qarşı amansız mübarizə aparılması ilə bağlı prinsipal mövqeyini bir daha diqqətə çatdırmışdır.

8 may tarixində Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində həyata keçirilən xüsusi əməliyyat ölkə Prezidentinin sözügedən bəyanatının özünü çox gözlətməyən nəticəsi olmuşdur. Belə ki, qeyd olunan Nazirliyin yüksək vəzifəli şəxsləri öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı təqsirləndirilərək barələrində həbs qətimkan tədbiri seçilmişdir.

Nazirlikdə bu cür neqativ hallara yol verilməsi haqlı olaraq xalqın hiddətinə səbəb olmuşdur. Ermənistanın təcavüzkarlığı nəticəsində onsuz da çoxsaylı vandalizmə məruz qalmış mədəniyyətimizin keşiyində durmalı olan məmurların xəyanət yolunu seçməsi həm hüquqi, həm də mənəvi baxımdan bağışlanmazdır və onlara qarşı qanunun ən sərt formada tətbiqi mütləqdir.

Konfransda rayonun yaşayış məntəqələrində koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin davam etdirilməsi, xüsusi rejimlə əlaqədar saxlanılan tələblərin, o cümlədən sanitar-epidemioloji tədbirlərin icrasına nəzarəti, karantin rejimi dövründə maddi yardıma ehtiyacı olan ailələrə, xüsusilə də yaşı 65-dən yuxarı şəxslərə dəstək göstərilməsi, bir sıra məhdudiyyətlərin yumşaldılması ilə əlaqədar olaraq sakinlərin ictimai yerlərdə, parklarda, çayxana və kafelərdə kütləvi toplaşmaması, şəxsi gigiyenik qaydalara əməl etmələri və sair barədə tapşırıqlar verilib. Bildirilib ki, karantin rejimi yumşaldılsa da, profilaktik tədbirlər davam etdirilməlidir.

Sakinlərlə yaxından və düzgün iş qurmaq, onların qayğıları və tələbləri ilə ciddi maraqlanmaq, vaxtında tədbirlər görmək, yerlərdə ictimai işlərdə çalışan şəxslərin fəaliyyətinə nəzarət etmək və aztəminatlı ailələrə ərzaq yardımlarının verilməsində obyektivliyin gözlənilməsi kimi məsələlərə toxunulub, bu sahələrdə qanunazidd hallara yol verənlərin cəzalandırılacağı bildirilib.

Sonra rayonda kənd təsərrüfatı sahəsində görülən işlərdən və qarşıda duran vəzifələrdən də danışılıb. Kənd təsərrüfatı işlərinin gedişi, o cümlədən çiyid səpini, ipəkqurdunun saxlanma şəraiti və mövcud vəziyyəti ilə bağlı məlumatlar dinlənilib, əkin sahələrinin mineral gübrələr, dərmanlar, herbisid, pestisidlərlə təminatı, suvarma məsələləri, texnika ilə təminat kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Bu sahələrdə həlli vacib məsələlərin icrası ilə bağlı inzibati ərazi dairəsi üzrə nümayəndələrə, bələdiyyə sədrlərinə və digər aidiyyəti məsul şəxslərə tapşırıqlar verilib.

Keçidlər