Tərtərdə Böyük Vətən müharibəsi iştirakçılarına yubiley medalları təqdim olundu
Faşizm üzərində Qələbənin 75 illiyi münasibətilə mayın 9-da Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər Rayon Şöbəsinin rəhbər şəxsləri müharibə veteranları – Tərtər rayon Köçərli kənd sakini Yunisov İsmayıl Həsən oğlunu və Hacıqərvənd kənd sakini Abbasov Musa Əliş oğlunu evlərində ziyarət edib, qayğıları ilə maraqlanıblar.
Rayon rəhbəri veteranları 9 may qələbə günü münasibəti ilə təbrik edərək, onları Ulu Öndərin təbirincə tariximizin canlı arxivi adlandırıb. Bildirib ki, İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərib. Bakı nefti faşizm üzərində Qələbə qazanılmasında mühüm rol oynayıb.
Böyük Vətən müharibəsi illərində doğma Tərtərimizdən 2417 nəfər alman faşizminə qarşı igidliklə döyüşmüş, onlardan 1079 nəfəri müharibədə həlak olaraq əbədiyyətə qovuşmuşdur. Müharibə zamanı həmyerlilərimizdən İdris İbadov, Həbib Abbasov, Xalid Səfərov, Xosrov Əhmədov, İlyas Abdullayev, Musa Qaraşov, Həbib Qarayev, Kiçikağa Abbasov, İsmayıl Yunusov, Firudin Vəliyev və başqaları şərəfli döyüş yolu keçmişlər. Göstərdikləri igidliklərə görə onlar orden və medallarla təltif olunublar.
Müharibə veteranları görüşdə döyüş xatirələrindən söhbət açaraq, xalqımıza sülh və əmin-amanlıq arzulayıblar, onlara göstərilən diqqət və qayğıya görə Respublika Prezidenti Cənab İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya və Heydər Əliyev Fonduna öz minnətdarlıqlarını bildiriblər.