Tərtər Rayon İcra Hakimiyyətində videobağlantı ilə növbəti müşavirə keçirilib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov inzibati ərazi dairələri üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə rayonda koronavirus pandemiyasına qarşı görülən işlər, xüsusi karantin rejimində məhdudiyyətlərin bir qisminin yumşaldılması barədə Operativ Qərargahın qərarından irəli gələn məsələlər, yerlərdə vəzifə borclarının icrası və kənd təsərrüfatı işlərinin gedişi ilə bağlı videobağlantı vasitəsilə növbəti müşavirə keçirib.
Müşavirədə rayonun yaşayış məntəqələrində koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin davam etdirilməsi, xüsusi rejimlə əlaqədar saxlanılan tələblərin, xüsusən də sanitar-epidemiloji tədbirlərin icrasına nəzarəti, karantin rejimi dövründə maddi yardıma ehtiyacı olan ailələrə, xüsusi ilə də yaşı 65-dən yuxarı olan şəxslərə dəstək göstərilməsinin nəzarətdə saxlanılması, bir sıra məhdudiyyətlərin yumşaldılması ilə əlaqədar olaraq sakinlərin ictimai yerlərdə, parklarda, çayxana və kafelərdə kütləvi toplaşmaması, şəxsi gigenik qaydalara əməl etmələri, eləcə də əlcək və tibbi maskalardan istifadə etmələri barədə maarifləndirmə işlərinin aparılmasına dair tapşırıqlar verildi.
Sakinlər ilə yaxından və düzgün iş qurmaq, onların qayğıları və tələbləri ilə daha ciddi maraqlanmaq, vaxtında tədbirlər görmək, yerlərdə ictimai işlərdə çalışan şəxslərin fəaliyyətinə nəzarət və aztəminatlı ailələrə ərzaq yardımlarının verilməsində obyektivliyin gözlənilməsinə də toxunan rayon rəhbəri, bu sahələrdə qanunazidd hallara yol verilməməsini ciddi surətdə tapşırdı.
Sonra rayonda kənd təsərrüfatı sahəsində görülən işlərdən və qarşıda duran vəzifələrdən də danışılıb. Kənd təsərrüfatı işlərinin gedişi, o cümlədən çiyid, çuğundur səpini, barama kümxanalarının hazırlanması barədə məlumatlar dinlənilib, əkin sahələrinin mineral gübrələr, dərmanlar, herbisid, pestisidlərlə təminatı, suvarma məsələləri, texnika ilə təminat kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb, bu sahədə həlli vacib məsələlərin icrası ilə bağlı inzibati ərazi dairəsi üzrə nümayəndələrə, bələdiyyə sədrlərinə və digər aidiyyəti məsul şəxslərə tapşırıqlar verilib.