Tərtərlilər Xocalı soyqırımını unutmurlar
Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş tədbirin iştirakçıları əvvəlcə onların xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Sonra Tərtər Cümə Məscidinin axundu Sadiq Səfərov şəhidlərin ruhuna dua oxumuş və toplantı iştirakçıları Şəhidlərin xatirəsinə ucaldılmış abidə önünə gül-çiçək dəstələri qoymuşlar.
Toplantı rayonda məskunlaşmış 10 Xocalı ailəsinin iştirakı ilə Heydər Əliyev Mərkəzində davam etdirilmişdir.
Əvvəlcə Xocalıya həsr edilmiş film nümayiş edilmiş, sonra rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov geniş məruzə ilə çıxış etmişdir. O bildirmişdir ki, artıq Xocalı faciəsindən 22 il keçir. Ancaq nə qədər ki, Azərbaycan var, Azərbaycan xalqı yaşayır bu faciə heç vaxt unudulmayacaq. Məruzəçi Xocalı faciəsinə ilk siyasi qiymətin Ulu öndər tərəfində verilməsini xüsusi vurğulamışdır.
O, bildirmişdir ki, Möhtərəm Prezidentimiz zati-aliləri İlham Əliyev cənablarının apardığı ardıcıl və məqsədyönlü siyasətin nəticəsidir ki, artıq beynəlxalq təşkilatlar, aparıcı dövlətlər münaqişənin kökləri, səbəbləri və nəticələri barədə getdikcə daha geniş məlumatlandırılır. Bu gün Xocalı faciəsi dünyanın ən böyük dövlətlərinin parlamentlərində müzakirəyə çıxarılır, onun təfərrüatları ictimaiyyətə açıqlanır.
Xocalı soyqırımın tanınması istiqamətində Heydər Əliyev Fondunun xidmətləri də ölçüsüzdür. Məhz Heydər Əliyev Fondunun rəhbəri, ölkəmizin birinci xanımı, YUNESCO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə bir sıra ölkələrin paytaxtında Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirilir. İslam Konfransı Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə elan edilən “Xocalıya ədalət” beynəlxalq informasiya və təşviqat kompaniyası həyata keçirilir. Beynəlxalq səviyyədə keçirilən”Xocalıya ədalət” kampaniyasının əhəmiyyətini nəzərə alaraq Respublika Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə bir milyon manat pul ayırmışdır.
Sonra Qarabağ müharibəsi veteranı Nizami Heydərov, Kəngərli kənd tam orta məktəbinin direktoru İmran Məmmədov, MTN-nin rayon şöbəsinin rəisi Raquf Məmmədov, BAMF-in sədri Umud Rəhimov, Xocalı hadisələrinin canlı şahidi Birliyant Əhmədova çıxış etmişlər.
Tədbirdə rayonda məskunlaşmış xocalılara rayon icra hakimiyyəti tərəfindən ərzaq və maddi yardım verilmişdir.