Rayon icra hakimiyyəti başçısının “2013-cü ilin sosial-iqtisadi inkişafının yekunları və 2014-cü ildə qarşıda duran vəzifələr barədə” hesabat yığıncağı keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə umummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, onun xatirəsini ehtiramla yad etmişlər. Sonra onlar rayonun sosial-iqtisadi inkişafını əks etdirən “Tərtərin dünəni” və “Tərtərin bu günü” foto sərgilərinə maraqla baxmışlar. Tədbirdə ötən il rayonun sosial-iqtisadi inkişafına həsr olunmuş sənədli filimdə nümayiş etdirilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov hesabat məruzəsi ilə çıxış edərək 2013-cü il bütövlükdə respublikamızın və eləcə də rayon üçün yaddaqalan və uğurlu olduğunu qeyd edərək rayonun inkişafına göstərdiyi diqqət və qayğıya görə möhtərəm prezidentimizə minnətdarlığını bildirmişdir.
O qeyd etmişdir ki, ötən il Dövlət Bayrağı meydanının ərazisi 1,7 hektar genişləndirilmiş, Bərdə- Tərtər istiqamətində əzəmətli giriş qapısı quraşdırılmışdır. Burada böyuk fantan tikilmişdir. Sahəsi 180 kvadratmetr olan müasir memarlıq üslubunda pano tikilmiş və mərkəzində Ulu Öndər Heydər Əliyevin böyük portreti quraşdırılmışdır.
Rayonun Qapanlı kəndində 220 şagird yerlik tam orta məktəbin binası tikilib istifadəyə verilmiş, Mərkəzi rayon xəstəxanası və rayon mədəniyyət evi əsaslı təmir edilmiş, yoluxucu xəstəliklər şöbəsi üçün yeni korpus tikilərək müasir inventar və avadanlıqlarla təchiz olunmuşdur.
Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə rayon mərkəzində 6 mərtəbəli 54 mənzilli yaşayış evi, H.Əliyev prospektində Tərtər Qaz İstismarı Sahəsinin və Yeni Azərbaycan Partiyası rayon təşkilatının inzibati binası, 150 şagird yerlik Rəcəbli kənd ümumi orta məktəbinin binası tikilir. Eləcə də rayon icra hakimiyyətinin sifarişi ilə 450 şagird yerlik Qazyan, 150 şagird yerlik Borsunlu kənd tam orta məktəbinin binası əsaslı təmir olunur. Hər iki kənddə tikinti və əsaslı təmir işləri başa çatmaq üzrədir.
Yerli və respublika əhəmiyyətli yollarda və küçələrdə əsaslı təmir işlərinin aparılması diqqət mərkəzində saxlanılmışdır. Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2013-cü il tarixli, 3036 saylı Sərəncamı ilə 5 min nəfərdən çox əhalinin yaşadığı 4 yaşayış məntəqəsini əhatə edən, uzunluğu 13 kilometr olan Cəmilli-Dəmirçilər kəndlərarası avtomobil yolu yenidən qurulmuş və əsaslı təmir edilmişdir. Yolun girişində hündürlüyü 7 metr olan giriş qapısı tikilir.
Hesabat ilində 1131 yeni iş yeri açılmışdır ki, onun 441 daimi iş yerləridir. Əvvəlki 5 illə müqayisədə rayon üzrə məhsul buraxılışı 57,3 faiz, ötən 10 illə müqayisədə 4 dəfə, sənaye məhsulu istehsalı 72,8 faiz, əvvəlki 10 illə müqayisədə 5,1 dəfə, kənd təsərrüfatı məhsulu istehsalı əvvəlki 5 illə müqayisədə 16,6 faiz, ötən 10 illə müqayisədə isə 2,8 dəfə artmışdır.
Rayon icra hakimiyyətinin başçısı kənd təsərrüfatı, sənaye, təhsil, səhiyyə, mədəniyyət, sahibkarlığın inkişafı və s. sahələr haqqında ətraflı məlumat vermişdir.
Yığıncaqda çıxış edən Maliyyə idarəsinin rəisi Zahid Təhməzov, Mərkəzi rayon xəstəxanasının baş həkimi Yaşar Hüseynov, Telekommunikasiya qovşağının müdiri Rüfət Qurbanov, Suvarma sistemləri idarəsinin rəisi Zahid İbrahimov, Qapanl kənd tam orta məktəbin direktoru Fitat Əliyeva 2013-cü ildə rayonda sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlərdən danışmış, işğüzar təkliflər irəli sürmüşlər.
Toplantıda Azərbaycan Respublikası Prezidenti Administirasiyasının məsul işçisi Rüfət Əliyev də iştirak etmiş və onun çıxışı tədbir iştirakçıları tərəfindən maraqla dinlənilmişdir.
Yığıncaqda müvafiq qərar və respublika prezidentinə müraciət qəbul edilmişdir.