Rayonumuzda Gənclər günü təntənə ilə qeyd olundu
2 fevral – Gənclər günü respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da təntənə ilə qeyd olundu. Bu münasibətlə Gənclər Mərkəzində tədbir keçirildi.
Tədbir iştirakçılar Mərkəzin foyesində Ümummilli Liderin büstünü ziyarət edərək önünə çiçək dəstələri düzdülər.
Tədbirdə ilk olaraq rayon icra hakimiyyətinin birinci müavini Ramiz Şabanov çıxış edərək iştirakçıları salamladı, rayonda aparılan gənclər siyasəti və hazırda gənclərin sosial vəziyyəti haqqında məlumat verdi.
Sonra rayon icra hakimiyyətinin başçısı cənab Ceyhun Cəfərov çıxış edərək tədbir iştirakçılarını salamladı, gəncləri bu əlamətdar gün münasibətilə təbrik etdi. Gənclər gününün təsis edilməsi ilə bağlı tarixə toxunan İcra başçısı bildirdi ki, ölkəmizdə gənclərə belə böyük dəyərin verilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ümummilli Liderin 1997-ci ildə imzaladığı Fərmanla MDB məkanında və Şərqi Avropada ilk dəfə olaraq 2 fevral – Gənclər günü Azərbaycanda qeyd olunmağa başlanmışdır. Əlbəttə, bu, hər şeydən əvvəl, Heydər Əliyevin gənclərə olan yüksək etimadı və güvənindən irəli gəlirdi. C.Cəfərov qeyd etdi ki, Heydər Əliyevin siyasi xəttində gənclərə olan yüksək diqqət və qayğı daim özünü bariz şəkildə göstərmişdir. Ulu Öndər hakimiyyəti illərində gənclərin ictimai-siyasi həyatda fəal rol oynamalarına xüsusi diqqət yetirirdi. 1994-cü ildə Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması bir tərəfdən Azərbaycan gəncliyinin vahid rəhbərlik altında birləşdirilməsi üçün düşünülmüşdüsə, digər tərəfdən gənclərin hərtərəfli dövlət qayğısı və dəstəyi ilə əhatə olunması üçün idi.
İcra başçısı bu gün də ölkədə gənclər siyasətinin uğurla davam etdirildiyini, gənclərin beynəlxalq səviyyədə təhsil almaları, onların həyatın müxtəlif sferalarında layiqincə təmsil oluna bilmələri üçün geniş və hərtərəfli imkanların yaradıldığını, dövlət idarəçilik sistemində gənclərin önə çəkildiyini və şəxsən cənab Prezident İlham Əliyev tərəfindən dəstəkləndiyini bildirdi.
Çıxışının sonunda Ceyhun Cəfərov bir daha gəncləri Gənclər günü münasibəti ilə təbrik etdi, işlərinizdə uğurlar, şəxsi həyatlarında müvəffəqiyyətlər arzuladı.
Daha sonra rayonun ictimai-siyasi həyatında və idman sahəsində fərqlənən bir qrup gəncə Gənclər və İdman idarəsinin diplomu və YAP rayon təşkilatının fəxri fərmanları təqdim olundu.