İcra Başçısının Qaraağacı kəndində səyyar qəbul-görüşü oldu
Görüşdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, kənd sakinləri iştirak etdilər.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək 2019-cu ilin dərin islahatlar ili kimi tarixə qovuşduğunu qeyd etdi. Bildirdi ki, ötən il Prezident İlham Əliyevin böyük sosial islahatlar paketi çərçivəsində ölkədə maaşlar, pensiyalar, təqaüdlər, müavinətlər demək olar ki, bir ildə iki dəfə-mart və sentyabr aylarında artdı.
Prezidentin struktur, kadr islahatıları təkcə ölkə əhalisi deyil, beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirildi. Dünya Bankı Azərbaycanı 20 ən islahatçı ölkə siyahısına daxil etdi. Bu da onu göstərir ki, ölkəmizdə aparılan köklü islahatlar nüfuzlu beynəlxalq qurumlar tərəfindən də təqdirlə qəbul edilir.
Rayon rəhbəri Münxendə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən plenar iclasında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Nikol Paşinyanın səriştəsiz, sərsəm çıxışlarına məntiqli, tarixi faktlara əsaslanan cavabından, ona verilən tarix dərsindən, Ermənistanın baş naziri Nikol Paşinyanın gülünc vəziyyətə düşməsindən də danışdı. Qeyd olundu ki, respublika Prezidenti cənab İlham Əliyevin Münxendə keçirilən Təhlükəsizlik konfransında iştirakı Azərbaycanın yüksək nüfuzunun təsdiqidir. Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olmasını bütün Beynəlxalq platformalarda dünyaya çatdıran Azərbaycan Prezidenti Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı paneldə də tarixi bilikləri, mövzu ilə bağlı ortaya qoyduğu faktlar və qətiyyətli mövqeyi ilə bir daha böyük lider olduğunu nümayiş etdirdi.
Sonra rayon rəhbəri, son beş ildə rayonda aparılan tikinti abadlıq işlərindən də danışdı, bildirdi ki, yollar çəkilib, körpülər tikilib, yeni inzibati binalar, körpələr evi-uşaq bağçası istifadəyə verilib. İndi tərtərlilərin müasir Tarix-diyarşünaslıq muzeyi, Uşaq-Gənclər Şahmat məktəbi, YAP rayon şöbəsinin yeni inzibati binası var, rayonda pambıq emalı zavodu, xalçaçılıq sexi, fəaliyyət göstərir. Hazırda şəhərdə möhtəşəm Olimpiya İdman Kompleksinin, Dövlət Bayrağı Meydanında isə Dövlət Rəmzləri Muzeyinin tikintisi başa çatıb.
Qarağacı kənd İƏD üzrə nümayəndə Lətif Həmidov kənd haqqında məlumat verdi. Bildirdi ki, Qaraağacı kəndinin 350 təsərrüfatı, 1432 nəfər əhalisi, 630 hektar ərazisi var. Ərazidə 1 tam orta məktəb, 1 tibb məntəqəsi, 1 körpələr evi uşaq bağçası,1 kitabxana, 1 mədəniyyət evi, 3 ticarət və iaşə obyekti fəaliyyət göstərir.
Qeyd olundu ki, kənd sakinlərinin əsas məşğuliyyəti əkinçilik və maldarlığdır. Ötən illərdə olduğu kimi, 2019-cu ildə də Qaraağacı kəndində kənd təsərrüfatının inkişafı diqqət mərkəzində saxlanılmışdır. Onlar ötən il hər hektardan 44,7 sentner buğda, 20 ton çuğundur, 35 sentner arpa, 38,4 sentner pambıq əldə etmişlər, dövlətə 1401 kq barama təhvil vermişlər. Baramaçılığın inkişafı üçün 2000 ədəd çəkil tingi əkmişlər.
İcra nümayəndəsi bildirdi ki, 43 km arx lildən təmizlənmiş, 20 km kəndə gələn ana arx təmir olunmuşdur. Hazırda Qaraağacı kənd körpələr evi uşaq bağçasında əsaslı təmir işləri aparılır. Sonra icra nümayəndəsi kənddə yeni mədəniyyət evinin, tam orta məktəbin tikilməsinə, elektrik təsərrüfatının yenidən qurulmasına, təzə məhlələr adlanan ərazidə 1 ədəd elektrik transformatorunun quraşdırılmasına ehtiyac olduğunu bildirdi.
Kənd ağsaqqalları Şakir və Şükür Əhmədovlar, Məhəmməd Nuriyev çıxış edərək, kəndin fasiləsiz qaz, işıq, su ilə təmin olunduğuna, sosial məsələlər diqqət mərkəzində saxlanıldığına görə respublika Prezidenti cənab İlham Əliyevə kənd sakinləri adından minnətdarlıqlarını bildirdilər, kənddə yeni artezianın vurulmasına ehtiyac olduğunu dilə gətirdilər. Maasif İsayev kəndin elektrik xətlərinin kabelləşməsi, Səxavət Məmiyev təzə məhlədə tikilən 25 evin yeni işıq transformatoruna ehtiyacı olduğunu, Arzu Məmmədova icarəyə verdiyi pay torpağını geri ala bilmədiyini bildirdi.
Edilən müraciətlərin həlli ilə bağlı rayon rəhbəri tərəfindən əlaqədar qurumlara müvafiq tapşırıqlar verildi.
Vətəndaşlar əhaliyə göstərilən diqqət və qayğıya görə Respublika Prezidentinə öz minnətdarlığını bildirdilər.
Qəbuldan sonra rayon rəhbəri kənd ağsaqqalları ilə çay süfrəsi arxasında söhbət etdi.