Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Başçısının Borsunlu kəndində səyyar qəbul-görüşü oldu

21 fevral 2020 | 16:00

Görüşdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, kənd sakinləri iştirak etdilər.

Əvvəlcə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək 2019-cu ilin dərin islahatlar ili kimi tarixə qovuşduğunu, Milli Məclisə seçkilərin Azərbaycanda demokratiyanın sürətli inkişafından xəbər verdiyini bildirdi.

Qeyd olundu ki, ötən il Prezident İlham Əliyevin böyük sosial islahatlar paketi çərçivəsində ölkədə maaşlar, pensiyalar, təqaüdlər, müavinətlər demək olar ki, bir ildə iki dəfə-mart və sentyabr aylarında artdı.

Prezidentin struktur, kadr islahatıları təkcə ölkə əhalisi deyil, beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirildi. Dünya Bankı Azərbaycanı 20 ən islahatçı ölkə siyahısına daxil etdi. Bu da onu göstərir ki, ölkəmizdə aparılan köklü islahatlar nüfuzlu beynəlxalq qurumlar tərəfindən də təqdirlə qəbul edilir.

Rayon rəhbəri Münxendə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən plenar iclasında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Nikol Paşinyanın səriştəsiz, sərsəm çıxışlarına məntiqli, tarixi faktlara əsaslanan cavabından, ona verilən tarix dərsindən, Ermənistanın baş naziri Nikol Paşinyanın gülünc vəziyyətə düşməsindən də danışdı. Qeyd olundu ki, respublika Prezidenti cənab İlham Əliyevin Münxendə keçirilən Təhlükəsizlik konfransında iştirakı Azərbaycanın yüksək nüfuzunun təsdiqidir. Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olmasını bütün Beynəlxalq platformalarda dünyaya çatdıran Azərbaycan Prezidenti Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı paneldə də tarixi bilikləri, mövzu ilə bağlı ortaya qoyduğu faktlar və qətiyyətli mövqeyi ilə bir daha  böyük lider olduğunu nümayiş etdirdi.

Sonra rayon rəhbəri bildirdi ki, son beş ildə rayonda tikinti abadlıq işləri geniş vüsət alıb, yeni yollar çəkilib, körpülər tikilib, yeni inzibati binalar, körpələr evi-uşaq bağçası istifadəyə verilib. İndi tərtərlilərin müasir Tarix-diyarşünaslıq muzeyi, Uşaq-Gənclər Şahmat məktəbi, YAP rayon şöbəsinin yeni inzibati binası var, rayonda pambıq emalı zavodu, xalçaçılıq sexi, fəaliyyət göstərir. Hazırda şəhərdə möhtəşəm Olimpiya İdman Kompleksinin, Dövlət Bayrağı Meydanında isə Dövlət Rəmzləri Muzeyinin tikintisi başa çatıb.

Borsunlu  kənd İƏD üzrə nümayəndə Xaləddin Qarayev kənd haqqında məlumat verdi. Bildirdi ki, Borsunlu kəndinin 276 təsərrüfatı, 1208 nəfər əhalisi, 3175 hektar ərazisi var. Ərazidə 1 tam orta məktəb, 1 tibb məntəqəsi, 1 kitabxana, 1 mədəniyyət evi, 5 ticarət, 3 iaşə və 3 məişət obyekti fəaliyyət göstərir.

Qeyd olundu ki, ötən illərdə olduğu kimi, 2019-cu ildə də Borsunlu kəndində kənd təsərrüfatının inkişafı diqqət mərkəzində saxlanılmışdır. Borsunlulular hər hektardan 43,6 sentner buğda, 34 sentner arpa əldə etmişlər, dövlətə 430 kq barama təhvil vermişlər. Baramaçılığın inkişafı üçün 3500 ədəd çəkil tingi əkmişlər.

İcra nümayəndəsi bildirdi ki, 3000 m arx lildən təmizlənmiş, şəhidlərin abidəsi təmir  olunmuş, ətraflı abadlaşdırılmışdır. Kənddə 1 ədəd yeni subartezian quyusunun qazılmasına, elektrik təsərrüfatının yenidən qurulmasına, yeni müasir məktəbin tikilməsinə ehtiyac olduğu da qeyd olundu.

Kənd sakinləri Vaqif Qədimov, Şəhla Alışanova, Fuad Bilalov, Arif Məmmədov, Möhübbət İsmayılov çxış edərək kənd yolunun asfaltlandığı, kəndin fasiləsiz qaz, işıqla təmin olunduğu üçün Respublika Prezidentinə öz minnətdarlıqlarını bildirdilər. 21 ailənin həyatyanı sahəsinin  su ilə təmin olunması üçün plastik borularla 400 metr məsafədən su çəkilməsinə, elektrik təsərrüfatının yenidən qurulmasına, pay torpaqlarına gedən yolun yaxınlaşdırılması üçün yeni çəkilən kanalın qolunun üstündən körpü salınmasına ehtiyac olduğu qeyd olundu.

Edilən müraciətlərin həlli ilə bağlı rayon rəhbəri tərəfindən əlaqədar qurumlara müvafiq tapşırıqlar verildi.

Vətəndaşlar əhaliyə göstərilən diqqət və qayğıya görə Respublika Prezidentinə öz minnətdarlığını bildirdilər.

Qəbuldan sonra rayon rəhbəri kənd ağsaqqalları ilə çay süfrəsi arxasında söhbət etdi.

Keçidlər