İcra başçısının Ələsgərli kəndində səyyar qəbul-görüşü oldu
Görüşdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, kənd sakinləri iştirak etdilər.
Əvvəlcə Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov ölkəmizdə gedən surətli inkişafdan, Azərbaycanın Beynəlxalq aləmdə siyasi nüfuzunun günü-gündən artmasından, onun etibarlı tərəfdaş kimi tanınmasından danışdı.
Sonra icra başçısı Ötən il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə böyük sosial addımlar atıldığını, keçirilən islahatlar nəticəsində əhalinin bütün təbəqələrinin xüsusilə, aztəminatlı və sağlamlıq imkanları məhdud insanların rifahının yaxşılaşdığını qeyd etdi.
Qeyd olundu ki, Dünya Bankı Azərbaycanı 20 ən islahatçı ölkə siyahısına daxil edib. Keçirilən islahatları cəmiyyət böyük rəğbətlə qarşılayır. Çünki islahatların əsas məqsədi ölkəmizin beynəlxalq aləmdə mövqeyinin getdikcə möhkəmləndirilməsinə, eyni zamanda əhalinin həyat tərzinin daha da yaxşılaşdırılmasına istiqamətləndirilib.
Rayon rəhbəri son beş ildə rayonda tikinti abadlıq işlərinin geniş vüsət aldığını, yeni yollar çəkildiyini, körpülər tikildiyini, yeni inzibati binalar, körpələr evi-uşaq bağçaları istifadəyə verildiyini də qeyd edib. Bildirilib ki, indi tərtərlilərin müasir Tarix-diyarşünaslıq muzeyi, Uşaq-Gənclər Şahmat məktəbi, YAP rayon təşkilatının yeni inzibati binası var, rayonda pambıq emalı zavodu, xalçaçılıq sexi fəaliyyət göstərir. Hazırda şəhərdə ayrılmış 4 hektar ərazidə möhtəşəm Olimpiya İdman Kompleksinin, şəhərin girişində Dövlət Bayrağı Meydanında isə Dövlət Rəmzləri Muzeyinin tikintisi başa çatıb.
İcra başçısı 115 inzibati binanın dam örtüyünün dəyişdirildiyini, binaların giriş və fasad hissələrinin təmir olunduğunu, 5 nümunəvi məhəllə salındığını, şəhərin Qaçay Mehdiyev, Teymur Rəhimov, Vəzir Orucov, Mehdi Hüseynzadə, Bəsti Bağırova küçələrində asfalt salındığını bildirmiş, hazırda Səhləbad-Əskipara- Qaraağacı- Yuxarı Qaradağlı- Qapanlı- Qaynaq- Yuxarı Qapanlı-Qazyan- Təzəkənd- Hüsənli kəndlərarası avtomobil yollarının əsaslı təmiri işlərinə başlanıldığını qeyd etdi.
Bildirildi ki, bütün görülən işlərin mərkəzində insan amili, onun maddi rifahının yaxşılaşdırılması durur.
Sonra Ələsgərli kənd İƏD üzrə nümayəndə Kamran Əhmədov Ələsgərli kəndi haqqında məlumat verdi. İcra nümayəndəsi bildirdi ki, Ələsgərli kəndinin 260 təsərrüfatı, 372, 98 hektar ərazisi var. Kənddə 1160 nəfər əhali yaşayır. Ərazidə 1 tam orta məktəb, 1 kitabxana, 1 tibb məntəqəsi, 1 iaşə obyekti fəaliyyət göstərir.
Kənd sakinlərinin əsas məşğuliyyəti tingçilik, əkinçilik və maldarlıqdır. Onlar ötən il hər hektardan 35 sentner taxıl, 40 sentner pambıq, 33,5 sentner arpa, 286,1 sentner çuğundur götürüblər. Kənddə 828 baş iri, 3400 baş xirda buynuzlu heyvan saxlanılır.
İcra nümayəndəsi kəndin fasiləsiz işıq, qaz və içməli su ilə təmin olunduğunu, su arxlarının 1600 metrinin lildən təmizləndiyini, kəndarası yolun 1250 m-nin təmir olunduğunu, yeni ATS binasının istifadəyə verildiyini, qəbirstanlıq ərazisində 300 ədəd müxtəlif növ ağac və 400 ədəd gül kolları əkildiyini bildirdi.
Sonra sakinlərin müraciətləri dinlənildi.
Kənd ağsaqqalı Məhəmməd Şirinov kənd sakinlərinə göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildirdi.Qeyd etdi ki, ötən qəbulda kəndimizdə 1 subartezian quyusunun vurulmasına ehtiyac olması ilə bağlı müraciət etmişdik. Artıq əraziyə baxış keçirilmiş, artezianın yeri müəyyənləşdirilmişdir.Bu, biz kənd camaatı üçün əsil töhfədir.
Sonra Məhəmməd Şirinov 46 ailənin yaşadığı ərazidə yeni transformatora, kəndə gələn su arxlarının təmizlənməsinə ehtiyac olduğunu bildirdi.
Kənd sakini Sahib Əliyev isə kənddə şəhidlərin abidəsinin yerləşdiyi əraziyə asfalt örtük salınması ilə bağlı müraciət etdi.
Edilən müraciətlərin həlli ilə bağlı rayon rəhbəri tərəfindən əlaqədar qurumlara müvafiq tapşırıqlar verildi.
Vətəndaşlar əhaliyə göstərilən diqqət və qayğıya görə Respublika Prezdentinə öz minnətdarlıqlarını bildirdilər.
Qəbuldan sonra rayon rəhbəri kənd ağsaqqalları ilə çay süfrəsi arxasında söhbət etdi.