Şriftin ölçüsü :

Saytın rəngi :

Sarov İƏD üzrə nümayəndə hesabat verdi

28 yanvar 2020 | 16:00

Sarov kənd İƏD üzrə nümayəndəliyin ötən ilin yekunlarına dair hesabat yığıncağı keçirildi.

Yığıncaqda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı, kənd icra nümayəndəliyinin işçiləri, bələdiyyə üzvləri, aidiyyəti idarə, təşkilat rəhbərləri və kənd sakinləri iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan Sarov kənd İƏD üzrə nümayəndə Surxay Hüseynov hesabat məruzəsi ilə çıxış etdi. Bildirdi ki, Sarov kənd İnzibati Ərazi Dairəsi Sarov, Rəcəbli, Kovdadıq, Bildirçinli və Umudlu kəndlərini əhatə edir. Sarov kəndinin 1508 nəfəri birləşdirən 356 təsərrüfatı, Rəcəbli kəndinin 272 nəfəri birləşdirən 72 təsərrüfatı, Bildirçinli kəndinin 179 nəfəri birləşdirən 35 təsərrüfatı, Umudlu kəndinin 43 nəfəri birləşdirən 6 təsərrüfatı vardır.Ərazidə 90 nəfərdən ibarət 30 məcburi köçkün ailəsi məskunlaşmışdır.

Nümayəndəliyin 1411 hektar ərazisi var. Qeyd olundu ki, Sarov kənd İƏD-nin 2884 nəfər əhalisi 2929 hektar ərazisi var. Ərazidə 576 fərdi yaşayış evi, 1 tam, 1 ümümi orta, 1 ibtidai məktəb, 1 feldşer-mama məntəqəsi, 2 kitabxana, 1 poçt-rabitə xidməti, 29 ticarət köşkü və iaşə obyekti fəaliyyət göstərir.

Qeyd olundu ki, ötən illərdə olduğu kimi, 2019-cu ildə də Sarov kəndində kənd təsərrüfatının inkişafı diqqət mərkəzində saxlanılmışdır. 2019-cu ildə 250 hektarda buğda, 140 hektarda arpa, 50 hektarda pambıq, 6 hektarda kartof, 30 hektarda qarğıdalı, 13 hektarda tərəvəz, 329 hektarda yonca əkilmişdir. Havaların quraq keçməsinə baxmayaraq hər hektardan 44,4 sentner buğda, 47,5 sentner arpa, 37,6 sentner pambıq, 113,1 sentner kartof, 115, 1 sentner tərəvəz əldə olunmuşdur.

Hesabat ilində dövlət tərəfindən fermerlərə payız və yaz əkinlərinə görə hər hektara 50 manat olmaqla 51034, 00 manat subsidiya ödənilmişdir.

İcra nümayəndəsi heyvandarlığın inkişafı sahəsində də nəzərəçarpacaq irəlləyiş əldə edildiyini bildirdi. Qeyd olundu ki, 2018-ci illə müqayisədə 2019-cu ildə mal-qaranın baş sayı 25 baş artaraq 1102 başa, qoyun və keçilərin sayı 80 baş artaraq 2992 başa, quşların sayı 110 baş artaraq 10795 başa çatmışdır.

Məruzəçi ötən il nümayəndəliyə vətəndaşlar tərəfindən 16 yazılı, 86 şifahi müraciət olunduğunu, bütün vətəndaş müraciətlərinin qanunmüvafiq şəkildə həll edildiyini də vurğuladı, Nümayəndəlik ərazisində yaşayan 8 şəhid ailəsinin və 8 Qarabağ müharibəsi əlilinin problemlərinin həll edilməsi, əhalinin ən çox ehtiyacı olan hissəsinin sosial müdafiəsinin təşkili məsələlərinin də daimi diqqət mərkəzində saxlandığını qeyd etdi, cari ildə də qarşıda duran vəzifələrin həyata keçirilməsi üçün var qüvvələri ilə işləyəcəklərini bildirdi.

Sonra məruzə ətrafında Sarov bələdiyyəsinin sədri Yusif Paşayev, Sarov kənd tam orta məktəbinin direktoru Rufət İsmayılov, kənd həkim məntəqəsinin müdiri Zoya Muradova, Rəcəbli kənd ümumi orta məktəbin direktoru Mayıl Aslanov, kənd ağsaqqalı Mənsim Allahverdiyev, torpaq mülkiyyətçisi Sahib Cuğuyev çıxış etdilər.

Yığıncaqda iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov 2019-cu ilin dərin islahatlar ili olduğunu qeyd etdi.Bildirdi ki, bu islahatlar həm siyasi, iqtisadi, həm sosial sahələrdə, həm də kadr və struktur sahələrini əhatə etdi.Ötən il Prezident İlham Əliyevin böyük sosial islahatlar paketi çərçivəsində ölkədə maaşlar, pensiyalar, təqaüdlər, müavinətlər demək olar ki, yəni bir ildə iki dəfə-mart və sentyabr aylarında artdı.

Vergi və gömrük orqanlarında aparılmış islahatlar nəticəsində xəzinəyə plandan əlavə 1 milyard manat vəsait daxil oldu və bu da öz növbəsində çox geniş sosial paketin reallaşmasına zəmin yaratdı.Azərbaycan tarixində bu dərəcədə böyük sosial paket bu günə qədər heç vaxt reallaşmayıb.

Prezidentin struktur, kadr islahatıları təkcə ölkə əhalisi deyil, beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirildi.Dünya Bankı Azərbaycanı 20 ən islahatçı ölkə siyahısına daxil etdi.Bu da onu göstərir ki, ölkəmizdə aparılan köklü islahatlar nüfuzlu beynəlxalq qurumlar tərəfindən də təqdirlə qəbul edilir.

Cənab İlham Əliyevin dediyi kimi, islahatlar inkişafın bundan sonra daha da uğurlu olacağına imkan verəcək, o cümlədən iqtisadi artım daha da böyük rəqəmlərlə ölçüləcək.

İcra başçısı rayonda gedən tikinti-abadlıq işlərini, kənd təsərrüfatı sahəsində əldə olunan nailiyyətləri də dilə gətirdi. Qeyd olundu ki, rayon taxılçıları bu il buğda istehsalında hər hektardan 41,6 sentner məhsuldarlıq əldə ediblər.

Bu il dövlətə 11.936,2 ton “ağ qızıl” vermişik, hər hektardan 34,8 sentner məhsul götürülüb. Tərtərlilər pambıq yığımında məhsuldarlığa görə birinci yerdədirlər.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev dekabrın 19-da pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlərlə bağlı müşavirədə Tərtəri, tərtərlilərin əməyini yüksək qiymətləndirərək demişdir: “...Tərtərdə pambıqçılıqda əldə edilmiş təcrübə öyrənilməlidir. Doğrudan da çox böyük işlər görülübdür, özü də nəzərə almalıyıq ki, bu, düşmənlə üz-üzə yerləşən rayondur və tərtərlilər həmişə öz qəhrəmanlıqlarını, Vətənə bağlılıqlarını göstərmişlər. 2016-cı ilin Aprel döyüşləri zamanı tərtərlilərin hamısı bir nəfər kimi öz torpağını müdafiə etməyə qalxmışdırlar. Bir nəfər də yerindən tərpənmədi. Bu, böyük qəhrəmanlıqdır və Vətənə olan bağlılıqdır. Belə ağır vəziyyətdə işləmək və yüksək nəticələr əldə etmək doğrudan da yüksək qiymətə layiqdir. Biz onu da yaxşı bilirik ki, bədnam qonşular Tərtərin suyunu da kəsiblər. Ona görə bu ağır vəziyyətdə, demək olar ki, susuz bir vəziyyətdə belə yüksək məhsuldarlığı əldə etmək, əlbəttə, yüksək qiymətə layiqdir”.

Son beş ildə rayonda tikinti abadlıq işləri də geniş vüsət alıb, yeni yollar çəkilib, körpülər tikilib, yeni inzibati binalar, körpələr evi-uşaq bağçası istifadəyə verilib. İndi tərtərlilərin müasir Tarix-diyarşünaslıq muzeyi, Uşaq-Gənclər Şahmat məktəbi, YAP rayon şöbəsinin yeni inzibati binası var, rayonda pambıqemalı zavodu, xalçaçılıq sexi fəaliyyət göstərir.

Hazırda şəhərdə ayrılmış 4 hektar ərazidə möhtəşəm Olimpiya İdman Kompleksinin tikintisi başa çatıb. Olimpiya İdman Kompleksində mini futbol meydançası, üzgüçülük hovuzu, əl oyunları, boks, taekvando, güləş üçün zallar, otel faəliyyət göstərəcək.

Şəhərin girişində Dövlət Bayrağı Meydanında isə Dövlət Rəmzləri Muzeyi tikilib. Burada sərgi zalı ilə yanaşı inzibati və yardımçı otaqlar da olacaq. Bütün görülən işlərin mərkəzində insan amili, onun maddi rifah halının yaxşılaşdırılması durur.

İcra başçısı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə Tərtərə göstərdiyi diqqət və qayğıya görə sakinlər adından minnətdarlığını bildirdi.

Keçidlər