Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısının Düyərli kəndində səyyar qəbul-görüşü oldu

24 yanvar 2020 | 16:00

Görüşdə  rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, kənd sakinləri  iştirak etdilər.

Əvvəlcə rayon rəhbəri  ölkəmizdə gedən surətli inkişafdan, Azərbaycanın Beynəlxalq aləmdə siyasi nüfuzunun günü-gündən artmasından, onun etibarlı tərəfdaş kimi tanınmasından danışdı.

Sonra icra başçısı Ötən il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə böyük sosial addımlar atıldığını, keçirilən islahatlar nəticəsində əhalinin bütün təbəqələrinin xüsusilə, aztəminatlı və sağlamlıq imkanları məhdud insanların rifahının yaxşılaşdığını qeyd etdi.

Rayon rəhbəri şəhid ailələrinə birdəfəlik ödəmə verilməsinin, minimum əməkhaqqının 180 manatdan 250 manata çatdırılmasından, minimum pensiyanin, tələbələrin təqaüdlərinin əhəmiyyətli dərəcədə artırılması, qaçqınlar və məcburi köçkünlər də daxil olmaqla bütün növ müavinətlərin 100 faiz həcmində artırıldığını diqqətə çatdırdı.

Qeyd olundu ki, möhtərəm Prezidentimiz islahatların bundan sonra da davam edəcəyini bildirib. Keçirilən islahatları cəmiyyət böyük rəğbətlə qarşılayır. Çünki islahatların əsas məqsədi ölkəmizin beynəlxalq aləmdə mövqeyinin getdikcə möhkəmləndirilməsinə, eyni zamanda əhalinin həyat tərzinin daha da yaxşılaşdırılmasına istiqamətləndirilib.

Sonra icra başçısı son beş ildə rayonda tikinti abadlıq işlərinin geniş vüsət aldığını, yeni yollar çəkildiyini, körpülər tikildiyini, yeni inzibati binalar, körpələr evi-uşaq bağçaları istifadəyə verildiyini qeyd edib. Bildirilib ki, indi tərtərlilərin müasir Tarix-diyarşünaslıq muzeyi, Uşaq-Gənclər Şahmat məktəbi, YAP rayon təşkilatının yeni inzibati binası var, rayonda pambıq emalı zavodu, xalçaçılıq sexi fəaliyyət göstərir. Hazırda şəhərdə ayrılmış 4 hektar ərazidə möhtəşəm Olimpiya İdman Kompleksinin, şəhərin girişində Dövlət Bayrağı Meydanında isə Dövlət Rəmzləri Muzeyinin tikintisi başa çatıb.

İcra başçısı 115 inzibati  binanın dam örtüyünün dəyişdirildiyini, binaların giriş və fasad hissələrinin təmir olunduğunu, 5 nümunəvi məhəllə salındığını, şəhərin Qaçay Mehdiyev, Teymur Rəhimov, Vəzir Orucov, Mehdi Hüseynzadə,  Bəsti Bağırova küçələrində asfalt salındığını bildirmiş, hazırda Səhləbad-Əskipara- Qaraağacı- Yuxarı Qaradağlı- Qapanlı- Qaynaq- Yuxarı Qapanlı-Qazyan- Təzəkənd- Hüsənli kəndlərarası avtomobil yollarının əsaslı təmiri işlərinə başlanıldığını qeyd etdi.

Sonra Düyərli kənd İƏD üzrə nümayəndə Ramiz Zeynalov Düyərli kəndi haqqında məlumat verdi. İcra nümayəndəsi bildirdi ki, Düyərli kəndinin 195 təsərrüfatı, 204 hektar ərazisi var. Kənddə 912 nəfər əhali yaşayır. Ərazidə 1 ümumi orta məktəb, 1 tibb məntəqəsi, 5 ticarət və iaşə, 1 məişət obyekti, fəaliyyət göstərir.
Kənd sakinlərinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır. Onlar bu il hər hektardan 35 sentner taxıl, 30 sentner pambıq, 35 sentner arpa, 282 sentner çuğundur götürüblər. Kənddə 807 baş iri, 300 baş xirda buynuzlu heyvan saxlanılır.

İcra nümayəndəsi kəndin fasiləsiz işıq, qaz və içməli su ilə təmin olunduğunu, su arxlarının 1100 metrinin lildən təmizləndiyini, kəndarası yolun təmir olunduğunu bildirdi.

Sonra sakinlərin müraciətləri dinlənildi.

Kənd ağsaqqalı Köçəri Əliyev və Əzizə Cəfərova kənd qəbiristanlığına gedən yolda Təley arxının üstündə olan körpünün təmiri barədə, Sahil Əlizadə və Əli Abbaslı işlə təmin olunmaları, Xatirə Əliyeva isə oğlunun işlə təmin olunması barədə, Elsevər Abdullayev özünüməşğulluq proqramına cəlb olunaraq  heyvan almasına köməklik göstərilməsi barədə, Xəyyam Əhmədov evində olan işığın gərginliyinin aşağı olması barədə, Nazim Quliyevsə pay torpaq sahəsinin zəbt olunması barədə məhkəmənin qərar verməməsi ilə bağlı müraciət etdilər.

Edilən müraciətlərin həlli ilə bağlı rayon rəhbəri tərəfindən əlaqədar qurumlara müvafiq tapşırıqlar verildi.

Vətəndaşlar əhaliyə göstərilən diqqət və qayğıya görə Respublika Prezdentinə öz minnətdarlıqlarını bildirdilər.

Qəbuldan sonra rayon rəhbəri kənd ağsaqqalları ilə çay süfrəsi arxasında söhbət etdi.

Keçidlər