Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqərvənd kəndində icra başçısının səyyar qəbul-görüşü oldu

17 yanvar 2020 | 16:00

Görüşdə  rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, kənd sakinləri  iştirak etmişlər.
Əvvəlcə rayon rəhbəri ölkəmizdə gedən surətli inkişafdan, Azərbaycanın Beynəlxalq aləmdə siyasi nüfuzunun günü-gündən artmasından, onun etibarlı tərəfdaş kimi tanınmasından, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yanvarın 13-də 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə söylədiyi nitqdə bütövlükdə 2019-cu ilin ölkəmiz üçün uğurlu il olmasından danışdı. Bildirdi ki, dövlət başçısı nitqində ilin əvvəlində qarşıya qoyulan məqsədlərin uğurla yerinə yetirildiyini, Azərbaycanda sabitliyin qorunub saxlanıldığını, bu sabitliyin təminatçısının Azərbaycan xalqı olduğunu qeyd etdi. Xalq tərəfindən dövlətə göstərilən dəstəyi yüksək qiymətləndirdi. Qeyd olundu ki, 2019-cu il iqtisadi islahat baxımından ölkəmiz üçün uğurlu olmuşdur. Dünya Bankı Azərbaycanı 20 ən islahatçı ölkə siyahısına salmışdır.

İcra başçısı əhalinin sosial müdafiəsi və sosial rifahının yüksəldilməsi istiqamətində görülən işlərdən, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən də danışdı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə şəhid ailələrinə birdəfəlik ödəmə verilməsinin, minimum əməkhaqqının 180 manatdan 250 manata çatdırılmasından, minimum pensiyanin, tələbələrin təqaüdlərinin əhəmiyyətli dərəcədə artırılması, qaçqınlar və məcburi köçkünlər də daxil olmaqla bütün növ müavinətlərin 100 faiz həcmində artırıldığını diqqətə çatdırdı.

O, rayonda gedən tikinti-abadlıq işlərini, kənd təsərrüfatı sahəsində əldə olunan nailiyyətləri də dilə gətirdi. Qeyd olundu ki, rayon taxılçıları bu il buğda istehsalında hər hektardan 41,6 sentner məhsuldarlıq əldə ediblər.

Bu il dövlətə 11.936,2 ton “ağ qızıl” vermişik, hər hektardan 34,8 sentner məhsul götürülüb. Tərtərlilər pambıq yığımında məhsuldarlığa görə birinci yerdədirlər.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev dekabrın 19-da pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlərlə bağlı müşavirədə Tərtəri, tərtərlilərin əməyini yüksək qiymətləndirərək demişdir: “...Tərtərdə pambıqçılıqda əldə edilmiş təcrübə öyrənilməlidir. Doğrudan da çox böyük işlər görülübdür, özü də nəzərə almalıyıq ki, bu, düşmənlə üz-üzə yerləşən rayondur və tərtərlilər həmişə öz qəhrəmanlıqlarını, Vətənə bağlılıqlarını göstərmişlər. 2016-cı ilin Aprel döyüşləri zamanı tərtərlilərin hamısı bir nəfər kimi öz torpağını müdafiə etməyə qalxmışdırlar. Bir nəfər də yerindən tərpənmədi. Bu, böyük qəhrəmanlıqdır və Vətənə olan bağlılıqdır. Belə ağır vəziyyətdə işləmək və yüksək nəticələr əldə etmək doğrudan da yüksək qiymətə layiqdir. Biz onu da yaxşı bilirik ki, bədnam qonşular Tərtərin suyunu da kəsiblər. Ona görə bu ağır vəziyyətdə, demək olar ki, susuz bir vəziyyətdə belə yüksək məhsuldarlığı əldə etmək, əlbəttə, yüksək qiymətə layiqdir”. 

Son beş ildə rayonda tikinti abadlıq işləri də geniş vüsət alıb, yeni yollar çəkilib, körpülər tikilib, yeni inzibati binalar, körpələr evi-uşaq bağçası istifadəyə verilib. İndi tərtərlilərin müasir Tarix-diyarşünaslıq muzeyi, Uşaq-Gənclər Şahmat məktəbi, YAP rayon şöbəsinin yeni inzibati binası var, rayonda pambıqemalı zavodu, xalçaçılıq sexi fəaliyyət göstərir.

Hazırda şəhərdə ayrılmış 4 hektar ərazidə möhtəşəm Olimpiya İdman Kompleksinin tikintisi başa çatıb. Olimpiya İdman Kompleksində mini futbol meydançası, üzgüçülük hovuzu, əl oyunları, boks, taekvando, güləş üçün zallar, otel faəliyyət göstərəcək.

Şəhərin girişində Dövlət Bayrağı Meydanında isə Dövlət Rəmzləri Muzeyi tikilib. Burada sərgi zalı ilə yanaşı inzibati və yardımçı otaqlar da olacaq. Bütün görülən işlərin mərkəzində insan amili, onun maddi rifah halının yaxşılaşdırılması durur.

Sonra Hacıqərvənd kənd İƏD nümayəndə Vəli Əliyev kənd haqqında məlumat verdi. İcra nümayəndəsi bildirdi ki, Hacıqərvənd kəndinin 700 təsərrüfatı, 1271 hektar ərazisi var. Kənddə 2915 nəfər əhali yaşayır. Ərazidə 1 tam orta məktəb, 1 tibb məntəqəsi, 1 kitabxana, 1 körpələr evi-uşaq bağçası, 1 klub, 12 ticarət və iaşə, 5 məişət xidməti obyekti, 1 ATS, 1 poçtamp,  12 subartezin quyusu fəaliyyət göstərir.

Ötən il Hacıqərvənd kəndinin sakinləri  310 hektar buğda, 130 hektar arpa, 155 hektar günəbaxan əkmişlər. Hər hektardan 35,5 sentner taxıl,  33,1 sentner arpa, 25,3 sentner günəbaxan götürüblər, kümçülər dövlətə 372 kiloqram barama təhvil veriblər.

İcra nümayəndəsi kəndin fasiləsiz işıq, su, qaz ilə təmin olunduğunu,  kəndin əsas yolunun asfaltlandığını, yol kənarlarına 600 ədəd ağac əkildiyini, kəndarası yolların 12 km-nə çınqıl töküldüyünü, kəndin küçələrində içməli su təminatının ödənilməsi üçün 15 bulaq qoyulduğunu bildirmişdir.

Sonra sakinlərin müraciətləri dinlənilmişdir.

Kənd ağsaqqalı Rəhman İbrahimov kənd sakinlərinə göstərilən diqqət və qayğıya görə respublika Prezidentinə sakinlər adından öz minnətdarlığını bildirmiş, kəndin elektrik təsərrüfatının kabelləşməsinin başa çatdırılmasına köməklik göstərilməsi, Əli Əliyev kəndə çəkilmiş asfalt yolun kənarlarının doldurulması, Hacıqərvənd kənd tam orta məktəbin direktoru Elnur Yusifov məktəbin təmiri, Tünzalə Muradova həyətyanı torpağının sənədləşdirilməsi, İdris İsmayılov və Məhərrəm Alməmmədov suvarmadakı çətinliklərin aradan qaldırılması üçün yeni artezian vurulmasına ehtiyac olması, Almaz Əliyeva xəstəliyi ilə bağlı pensiya təminatı ilə, Mətanət Həsənova ünvanlı sosial yardımla, Filiyar Abbasova müharibə veteranı olan qaynatasının evinə su çəkilişi ilə bağlı müraciət etdilər.

Edilən müraciətlərin həlli ilə bağlı rayon rəhbəri tərəfindən əlaqədar qurumlara müvafiq tapşırıqlar verildi.

Qəbuldan sonra rayon rəhbəri kənd ağsaqqalları ilə çay süfrəsi arxasında söhbət etdi.

Keçidlər