Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər rayonunda icbari tibbi sığorta ilə bağlı maarifləndirici tədbir keçirilib

14 yanvar 2020 | 16:00

Tərtər Rayon İcra Hakimiyyəti və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) təşkilatçılığı ilə  Tərtər şəhərində “Ölkə üzrə icbari tibbi sığorta sisteminin tətbiqi” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd əhalini icbari tibbi sığorta sistemi, sistemin üstünlükləri, ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə hazırlıq barədə məlumatlandırmaq olub.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov, Tərtər Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Yaşar Hüseynov, Agentliyin əməkdaşı Elvin Abbasov iştirak ediblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov, ölkə başçısı tərəfindən səhiyyə sistemində son illər aparılan uğurlu islahatların davamı kimi respublikada icbari tibbi sığortanın tətbiqinin səhiyyənin inkişafına töhfə verəcəyini vurğulayıb. Onun sözlərinə görə, icbari tibbi sığortanın məqsədi əhalinin səhiyyə xərcləri ilə bağlı maliyyə yükünü azaltmaq və səhiyyədə yeni maliyyələşmə mexanizmini tətbiq etməkdir.

R.Şabanov bildirib ki, ölkə rəhbərliyi əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirir. Onlardan biri də ölkə üzrə icbari tibbi sığortanın tətbiq edilməsi ilə bağlı verilən qərardır.

Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Yaşar Hüseynov son illər ölkəmizdə bir sıra tibb müəssisələrinin inşa və əsaslı təmir olunması, maddi-texniki bazalarının gücləndirilməsi, mövcud avadanlıqların bərpası və yenilərinin alınması barədə iştirakçılara məlumat verib. O bildirib ki, icbari tibbi sığortanın tətbiqi ilkin səhiyyə xidmətinin, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin təkmilləşməsinə səbəb olacaq.

Agentliyin əməkdaşı Elvin Abbasov icbari tibbi sığorta sisteminin mahiyyəti, xidmətlər zərfi çərçivəsində təminata alınan tibbi xidmətlər, əhali qrupları üzrə sığortahaqları, sığortaolunanların, eləcə də sığortalıların hüquq və vəzifələri barədə çıxış ediblər. Qeyd olunub ki, sığortaolunanlar sığorta hadisəsi baş verdikdə xidmətlər zərfinin baza və ya əlavə hissələrinə uyğun olaraq tibbi xidmətlərdən istifadə etmək hüququna malikdirlər.

Sonda vətəndaşları maraqlandıran suallar Agentliyin əməkdaşı tərəfindən cavablandırılıb.

Keçidlər