İcra başçısı Balakəngərli kəndində səyyar qəbul-görüş keçirdi
Görüşdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, kənd sakinləri iştirak etdilər.
Əvvəlcə rayon rəhbəri kənd sakinlərini Yeni il münasibəti ilə təbrik etdi, onlara uzun ömür, can sağlığı və işlərində müvəffəqiyyətlər arzuladı.
Sonra icra başçısı Ötən il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə böyük sosial addımlar atıldığını, keçirilən islahatlar nəticəsində əhalinin bütün təbəqələrinin xüsusilə, aztəminatlı və sağlamlıq imkanları məhdud insanların rifahının yaxşılaşdığını qeyd etdi.
Rayon rəhbəri şəhid ailələrinə birdəfəlik ödəmə verilməsinin, minimum əməkhaqqının 180 manatdan 250 manata çatdırılmasından, minimum pensiyanin, tələbələrin təqaüdlərinin əhəmiyyətli dərəcədə artırılması, qaçqınlar və məcburi köçkünlər də daxil olmaqla bütün növ müavinətlərin 100 faiz həcmində artırıldığını diqqətə çatdırdı.
Qeyd olundu ki, möhtərəm Prezidentimiz islahatların bundan sonra da davam edəcəyini bildirib. Keçirilən islahatları cəmiyyət böyük rəğbətlə qarşılayır. Çünki islahatların əsas məqsədi ölkəmizin beynəlxalq aləmdə mövqeyinin getdikcə möhkəmləndirilməsinə, eyni zamanda əhalinin həyat tərzinin daha da yaxşılaşdırılmasına istiqamətləndirilib.
Sonra icra başçısı son beş ildə rayonda tikinti abadlıq işlərinin geniş vüsət aldığını, yeni yollar çəkildiyini, körpülər tikildiyini, yeni inzibati binalar, körpələr evi-uşaq bağçaları istifadəyə verildiyini qeyd edib. Bildirilib ki, indi tərtərlilərin müasir Tarix-diyarşünaslıq muzeyi, Uşaq-Gənclər Şahmat məktəbi, YAP rayon təşkilatının yeni inzibati binası var, rayonda pambıq emalı zavodu, xalçaçılıq sexi fəaliyyət göstərir. Hazırda şəhərdə ayrılmış 4 hektar ərazidə möhtəşəm Olimpiya İdman Kompleksinin, şəhərin girişində Dövlət Bayrağı Meydanında isə Dövlər Rəmzləri Muzeyinin tikintisi başa çatıb.
İcra başçısı 115 inzibati binanın dam örtüyünün dəyişdirildiyini, binaların giriş və fasad hissələrinin təmir olunduğunu, 5 nümunəvi məhəllə salındığını, şəhərin Qaçay Mehdiyev, Teymur Rəhimov, Vəzir Orucov, Mehdi Hüseynzadə küçələrində asfalt salındığını bildirmiş, hazırda Bəsti Bağırova küçəsinin də təmirinin başa çatdığını qeyd etdi.
Sonra Cəmilli kənd İƏD üzrə nümayəndə Mənaf Məmmədov Bala Kəngərli kəndi haqqında məlumat verdi. İcra nümayəndəsi bildirdi ki, Bala Kəngərli kəndinin 141 təsərrüfatı, 455 hektar ərazisi var. Kənddə 502 nəfər əhali yaşayır. Ərazidə 1 ümumi orta məktəb, 1 kitabxana, 3 ticarət və iaşə, 1 məişət obyekti fəaliyyət göstərir.
Kənd sakinlərinin əsas məşğuliyyəti əkinçilik, maldarlıq və bağçılığdır. Onlar bu il hər hektardan 42,5 taxıl, 30.5 arpa, 279 sentner çuğundur, 20,2 sentner pambıq götürüblər. Kənddə 438 baş iri, 1230 baş xirda buynuzlu heyvan saxlanılır.
İcra nümayəndəsi kəndin fasiləsiz işıq, qaz və içməli su ilə təmin olunduğunu, su arxlarının 800 metrinin lildən təmizləndiyini, Bala Kəngərli-Dəmirçilər kəndarası yolunun təmir olunduğunu bildirdi.
Sonra sakinlərin müraciətləri dinlənildi.
Kənd ağsaqqalı İsgəndər İsgəndərov kəndə daxil olan yüksək gərginlikli elektrik xətti yüklü olduğu üçün onun başqa mənbəyə qoşulması barədə, Alim Quliyev suvarma arxlarının lildən təmizlənməsi, Vilayət Qasımov yeni subartezian quyusunun qazılması, Sənan Məmmədov məhkəmənin qərarının yerinə yetirlməməsi, Habil İsmayılov kəndin bütünlüklə telefonlaşması ilə, Camal Əhmədov kəndə çəkilən içməli su bulağının bəzi evlərdən uzaq məsafədə olması ilə bağlı müraciət ` etdilər.
Edilən müraciətlərin həlli ilə bağlı rayon rəhbəri tərəfindən əlaqədar qurumlara müvafiq tapşırıqlar verildi.
Vətəndaşlar əhaliyə göstərilən diqqət və qayğıya görə Respublika Prezdentinə öz minnətdarlıqlarını bildirdilər.
Qəbuldan sonra rayon rəhbəri kənd ağsaqqalları ilə çay süfrəsi arxasında söhbət etdi.