Mamırlı kəndində icra başçısı vətəndaşları qəbul etdi
Görüşdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, kənd sakinləri iştirak etdilər.
Əvvəlcə rayon rəhbəri kənd sakinlərini qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə təbrik etdi, onlara uzun ömür, can sağlığı və işlərində müvəffəqiyyətlər arzuladı.
Sonra icra başçısı 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə böyük sosial addımlar atıldığını, keçirilən islahatlar nəticəsində əhalinin bütün təbəqələrinin xüsusilə, aztəminatlı və sağlamlıq imkanları məhdud insanların rifahının yaxşılaşdığını qeyd etdi.
Rayon rəhbəri şəhid ailələrinə birdəfəlik ödəmə verilməsinin, minimum əməkhaqqının 180 manatdan 250 manata çatdırılmasından, minimum pensiyanin, tələbələrin təqaüdlərinin əhəmiyyətli dərəcədə artırılması, qaçqınlar və məcburi köçkünlər də daxil olmaqla bütün növ müavinətlərin 100 faiz həcmində artırıldığını diqqətə çatdırdı.
Qeyd olundu ki, möhtərəm Prezidentimiz islahatların bundan sonra da davam edəcəyini bildirib. Keçirilən islahatları cəmiyyət böyük rəğbətlə qarşılayır. Çünki islahatların əsas məqsədi ölkəmizin beynalxalq aləmdə mövqeyinin getdikcə möhkəmləndirilməsinə, eyni zamanda əhalinin həyat tərzinin daha da yaxşılaşdırılmasına istiqamətləndirilib.
Sonra icra başçısı son beş ildə rayonda tikinti abadlıq işlərinin geniş vüsət aldığını, yeni yollar çəkildiyini, körpülər tikildiyini, yeni inzibati binalar, körpələr evi-uşaq bağçaları istifadəyə verildiyini qeyd edib. Bildirilib ki, indi tərtərlilərin müasir Tarix-diyarşünaslıq muzeyi, Uşaq-Gənclər Şahmat məktəbi, YAP rayon şöbəsinin yeni inzibati binası var, rayonda pambıq emalı zavodu, xalçaçılıq sexi fəaliyyət göstərir.Hazırda şəhərdə ayrılmış 4 hektar ərazidə möhtəşəm Olimpiya İdman Kompleksinin, şəhərin girişində Dövlət Bayrağı Meydanında isə Dövlər Rəmzləri Muzeyinin tikintisi başa çatıb.
İcra başçısı 115 inzibati binanın dam örtüyünün dəyişdirildiyini, binaların giriş və fasad hissələrinin təmir olunduğunu, 5 nümunəvi məhəllə salındığını, şəhərin Qaçay Mehdiyev, Teymur Rəhimov, Vəzir Orucov, Mehdi Hüseynzadə küçələrində asfalt salındığını bildirmiş, hazırda Bəsti Bağırova küçəsinin də təmirinin başa çatdığını qeyd etdi.
Sonra Mamırlı kənd İƏD üzrə nümayəndə Şahid Məmmədov kənd haqqında məlumat verdi. İcra nümayəndəsi bildirdi ki, Mamırlı kəndinin 483 təsərrüfatı,1340 hektar ərazisi var. Kənddə 2240 nəfər əhali yaşayır. Ərazidə 1 tam orta məktəb, 1 tibb məntəqəsi, 3 kitabxana, 18 ticarət, 4 iaşə, 5 məişət obyekti, 1 ATS fəaliyyət göstərir.
Bu il Mamırlı kəndinin sakinləri 16 hektar buğda, 172,6 hektar pambıq, 135 hektar arpa, 53 hektar tərəvəz, 43 hektar çuğundur, əkiblər. Hər hektardan 40,1 sentner taxıl, 32,9 sentner pambıq, 31,5 sentner arpa, 290,6 sentner çuğundur götürüblər.
İcra nümayəndəsi kəndin fasiləsiz işıq, qaz və içməli su ilə təmin olunduğunu, su arxlarının 3500 metrinin lildən təmizləndiyini, 1500 metr kəndarası yolun təmir olunduğunu, əsas yolun kənarlarında 100 ədəd meyvə ağacı əkildiyini bildirdi.
Sonra sakinlərin müraciətləri dinlənildi.
Mamırlı kənd tam orta məktəbin direktoru Məzahir Cəfərov Mamırlı kəndini Bərdə rayonunun Kələntərli kəndi ilə birləşdirən yolun asfaltlanması, İntiqam Quliyev pay torpağının sənədləşdirilməsi, Ramil İsmayılov həyat yoldaşının xəstəliyi ilə bağlı pensiyaya çıxmasında yaranan problemlə, Mehman Həsənov məcburi köçkünlərin pay torpağını zəbt etmələri, Təbriz Məmmədov kəndin örüş yerinin zəbtilə, Mahmud Mahmudov qrunt sularının axıdılması üçün çəkilmiş kanalın üstündən körpü salınması ilə bağlı müraciət etdilər.
Edilən müraciətlərin həll ilə bağlı rayon rəhbəri tərəfindən əlaqədar qurumlara müvafiq tapşırıqlar verildi.
Vətəndaşlar əhaliyə göstərilən diqqət və qayğıya görə Respublika Prezdentinə öz minnətdarlıqlarını bildirdilər.
Qəbuldan sonra rayon rəhbəri kənd ağsaqqalları ilə çay süfrəsi arxasında söhbət etdi.