Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) tətbiqi və payızlıq əkinlərin bəyan edilməsi mövzusunda görüş keçirilib

10 dekabr 2019 | 16:00

Tərtərdə Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) tətbiqi və payızlıq əkinlərin bəyan edilməsi ilə bağlı görüş keçirilib. Rayon Gənclər Mərkəzində keçirilən görüşdə Kənd Təsərrüfatı nazirinin müavini İlham Quluyev, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, yerli Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbəri, rayon icra hakimiyyəti strukturlarının məsul şəxsləri, yerli icra nümayəndələr, bələdiyyə sədrləri, Tərtər və Ağdam rayonlarından olan fermerlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə genişmiqyaslı abadlıq-quruculuq, yenidənqurma işləri aparılır və əsaslı infrastruktur layihələri həyata keçirilir. Ölkədə məqsədyönlü islahatların həyata keçirildiyini deyən icra başçısı qeyd edib ki, nəticədə digər sahələr kimi aqrar sahə də öz dinamik inkişafı ilə mövcud çağırışlara cavab verir.

Tədbirdə çıxış edən Kənd Təsərrüfatı nazirinin müavini İlham Quluyev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində iqtisadiyyatın digər sahələri kimi aqrar sahə də keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub: “Ölkədə aqrar sahə qeyri-neft sektorunun ən aparıcı sahəsi elan edilib. Həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir. Dövlət başçısının qəbul etdiyi qərarlar, imzaladığı Fərman və Sərəncamlar ölkə iqtisadiyyatının, o cümlədən aqrar sektorun davamlı inkişafına real zəmin yaradır”.

Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin üstünlüklərindən danışan nazir müavini qeyd edib ki, məqsəd aqrar xidmətlərin fermerlərə əlçatanlığını və bu xidmətlərin göstərilməsində şəffaflığı təmin etməkdir. “Fermerlər EKTİS-dən subsidiya, toxum, gübrə almaqla yanaşı, öz məhsullarını satmaq üçün də istifadə edə biləcəklər. Bu imkanlardan yararlanmaq üçün  fermerlərimiz sistemdə qeydiyyatdan keçməli, özlərinə şəxsi kabinet yaratmalıdır. Artıq bu proses ölkə üzrə demək olar ki, başa çatmaq üzrədir. İndiyədək ölkə üzrə təxminən 410 min fermer EKTİS-də qeydiyyatdan keçib və şəxsi kabinetlərini yaradıb. Noyabr ayından etibarən EKTİS-də qeydiyyatdan keçən fermerlər növbəti il üçün əkdikləri məhsulları bəyan etməyə başlayıblar. Bildirilib ki, 2020-ci ildən aqrar subsidiyalar EKTİS vasitəsilə fermerlərin bəyanları əsasında veriləcək. Bunu əsas gətirən İlham Quluyev fermerlərimizi aqrar subsidiyalardan yararlanmaq üçün payızlıq əkinləri bəyan etməkdə daha aktiv olmağa çağırıb. O, Kənd Təsərrüfatı Nazirliyinin müvafiq qurumlarla birgə fermerlərə hərtərəfli dəstək göstəriləcəyini bəyan edib.

Görüşdə aqrar sektora dövlət dəstəyinin yeni mexanizmi, EKTİS-in tətbiqi zərurəti və bu istiqamətdə görülən işlər müzakirə edilib, yerli icra orqanlar və bələdiyyə nümayəndələrinin, fermerlərin sualları cavablandırılıb.

Keçidlər