Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər rayon İcra Hakimiyyətinin başçısının Sarıcalı kəndində səyyar qəbul-görüşü oldu

06 dekabr 2019 | 16:00

Görüşdə  rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, kənd sakinləri  iştirak etdilər.

Əvvəlcə rayon rəhbəri 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərancamları ilə böyük sosial addımlar atıldığını, keçirilən islahatlar nəticəsində əhalinin bütün təbəqələrinin –xüsusilə, aztəminatlı və sağlamlıq imkanları məhdud insanların rifahı yaxşılaşdığını qeyd etdi.

Rayon rəhbəri şəhid ailələrinə birdəfəlik ödəmə verilməsinin, minimum əməkhaqqının 180 manatdan 250 manata çatdırılmasından, minimum pensiyanin, tələbələrin təqaüdlərinin əhəmiyyətli dərəcədə artırılması, qaçqınlar və məcburi köçkünlər də daxil olmaqla bütün növ müavinətlərin 100 faiz həcmində artırıldığını diqqətə çatdırdı.

Qeyd olundu ki, möhtərəm Prezidentimiz islahatların bundan sonra da davam edəcəyini bildirib. Keçirilən islahatları cəmiyyət böyük rəğbətlə qarşılayır. Çünki islahatların əsas məqsədi ölkəmizin beynalxalq aləmdə mövqeyinin getdikcə möhkəmləndirilməsinə, eyni zamanda əhalinin həyat tərzinin daha da yaxşılaşdırılmasına istiqamətləndirilib. İslahatlar bir çox sahələri əhatə edir. Yeni Azərbaycan Partiyası siyasi Şurasının Milli Məclisin buraxılması təşəbbüsü də bu islahatların məntiqi davamıdır. 

Sonra icra başçısı son beş ildə rayonda tikinti abadlıq işlərinin geniş vüsət aldığını, yeni yollar çəkildiyini, körpülər tikildiyini, yeni inzibati binalar, körpələr evi-uşaq bağçaları istifadəyə verildiyini qeyd edib. Bildirilib ki, indi tərtərlilərin müasir Tarix-diyarşünaslıq muzeyi, Uşaq-Gənclər Şahmat məktəbi, YAP rayon şöbəsinin yeni inzibati binası var, rayonda pambıq emalı zavodu, xalçaçılıq sexi fəaliyyət göstərir.

Hazırda şəhərdə ayrılmış 4 hektar ərazidə möhtəşəm Olimpiya İdman Kompleksinin tikintisi başa çatıb. Olimpiya İdman Kompleksində mini futbol meydançası, üzgüçülük hovuzu, əl oyunları, boks, taekvando, güləş üçün zallar, otel fəaliyyət göstərəcək.

Şəhərin girişində Dövlət Bayrağı Meydanında isə Dövlər Rəmzləri Muzeyinin tikintisi başa çatıb. Burada sərgi zalı ilə yanaşı inzibati və yardımçı otaqlar da olacaq. Bütün görülən işlərin mərkəzində insan amili, onun maddi rifah halının yaxşılaşdırılması durur.

Sonra Sarıcalı kənd İƏD nümayəndə Sərdar Aslanov kənd haqqında məlumat verdi. İcra nümayəndəsi bildirdi ki, Sarıcalı kəndinin 210 təsərrüfatı, 435 hektar ərazisi var. Kənddə 228 nəfər əhali yaşayır. Ərazidə 1 tam orta məktəb, 1 tibb məntəqəsi, 1 kitabxana, 4 ticarət obyekti, 1 ATS, 12 subartezin quyusu fəaliyyət göstərir. Bu il Sarıcalı kəndinin sakinləri  122 hektar buğda, 40 hektar pambıq əkmişlər. Hər hektardan 38 sentner taxıl,  35 sentner pambıq götürüblər, kümçülər dövlətə 260  kiloqram barama təhvil veriblər.

İcra nümayəndəsi kəndin fasiləsiz işıq, içməli su, qaz ilə təmin olunduğunu, su arxlarının 2300 metrinin lildən təmizləndiyini, magistral yolun kənarına 1300 ədəd ağac əkildiyini bildirib.

Sonra sakinlərin müraciətləri dinlənildi.

Kənd ağsaqqalı Ədalət Əliyev kənddə 1 ədəd subartezian quyusunun qazılmasına, Bayram Səfərov elektrik dirəklərinin dəyişdirilməsinə, Əsmər Əliyeva sahələrası arxların təmizlənməsinə ehtiyac olduğunu bildirdilər.

Edilən müraciətlərin həll ilə bağlı rayon rəhbəri tərəfindən əlaqədar qurumlara müvafiq tapşırıqlar verildi.

Vətəndaşlar əhaliyyə göstərilən diqqət və qayğıya görə Respublika Prezdentinə öz minnətdarlıqlarını bildirdilər.

Qəbuldan sonra rayon rəhbəri kənd ağsaqqalları ilə çay süfrəsi arxasında söhbət etdi.

Keçidlər