Şriftin ölçüsü :

Saytın rəngi :

"British Council" və Britaniyanın Azərbaycandakı səfirliyi növbəti Resurs və Təlim Mərkəzini Tərtərdə açıb

22 noyabr 2019 | 16:00

"British Council" və Britaniyanın Azərbaycandakı səfirliyi bu il ikinci Resurs və Təlim Mərkəzini Tərtər rayonu ərazisində 1170 məcburi köçkün ailəsi üçün salınmış yaşayış kompleksində yerləşən Laçın rayonu Çaylı kənd orta məktəbində açıb.

 Açılış mərasimində Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp, "British Council"ın Azərbaycanda ölkə üzrə direktoru Samr Şah, Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, təhsil işçiləri iştirak ediblər.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qonaqlara məlumat verib ki, iki il əvvəl istifadəyə verilmiş yaşayış kompleksindəki mənzillərə Tərtər rayonu ərazisində müvəqqəti məskunlaşmış Kəlbəcər, Ağdam, Laçın, Cəbrayıl və Şuşa rayonlarından olan məcburi köçkünlər köçürülüb. Yaşayış kompleksində zəruri infrastruktur obyektləri - məktəb, uşaq bağçası, musiqi məktəbi, inzibati bina, klub-icma mərkəzi, həkim məntəqəsi, ATS binası inşa olunub. Dövlətimiz tərəfindən məcburi köçkünlər üçün hər cür şərait yaradılsa da, onların ən böyük istəyi doğma torpaqlarına qayıtmaqdır.

Açılış mərasimində bildirilib ki, Resurs və Təlim Mərkəzləri qabaqcıl cəmiyyət naminə mükəmməl bacarıqlar, gənclərin özünəinamının artırması və gələcəkdə təhsil və karyera yolunda daha yaxşı imkanlara sahib olması məqsədilə onların bacarıqlarının inkişaf etdirilməsinə istiqamətlənmiş üçillik proqramdır. “Resurs və Təlim Mərkəzləri" proqramı "British Council"ın 2016-2019-cu illərdə həyata keçirilmiş İngilis Dili Mərkəzləri təşəbbüsünün qazandığı uğura əsaslanır.

Diqqətə çatdırılıb ki, "British Council" proqramı Birləşmiş Krallıq hökumətinin maliyyə dəstəyi ilə hazırlanır, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Britaniyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə həyata keçirilir. Azərbaycanda hazırda mövcud olan 13 ingilis dili mərkəzindən ibarət şəbəkəyə bu il beş yeni Resurs və Təlim Mərkəzi əlavə ediləcək. Tərtərdə məcburi köçkünlərin təhsil aldığı məktəbdə açılan Resurs və Təlim Mərkəzi yaradılacaq beş yeni mərkəzdən ikincisidir. Digər təlim mərkəzləri Zaqatala, Beyləqan və Bərdə rayonlarında yerləşən məcburi köçkünlərin təhsil aldığı məktəblərdə yaradılacaq və yerli icmalardan olan tələbə və müəllimlərin cəlb edilməsi üçün yüksək keyfiyyətli təlim və tədris resurslarına, texnologiyalara və özünütəlim materiallarına sahib olacaq.

Bildirilib ki, üç il ərzində Azərbaycanın məcburi köçkün icmalarından olan təqribən 17 min 200 gənc ingilis dili və əsas bacarıqların təlimi proqramından faydalanacaq.

KİV nümayəndələri üçün keçirilən qısa brifinqdə "British Council"in Azərbaycan üzrə direktoru Samr Şah deyib: "Bu, Azərbaycanda həyata keçirdiyimiz əsas proqramlarımızdan biridir. Təlim mərkəzlərimiz gənc tələbələrə ingilis dili üzrə danışıq qabiliyyətini inkişaf etdirmək üçün təlimdə iştirak etmək, habelə XXI əsrin rəqabətli təlim və karyera yolunda zəruri olan liderlik və ünsiyyət bacarıqlarını təkmilləşdirmək imkanı verəcək".

Sonra Resurs və Təlim Mərkəzinin müəllimləri dərs nümunəsini nümayiş etdiriblər.

Keçidlər