Qaradağlı kəndində səyyar qəbul-görüş keçirilmişdir
Görüşdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, kənd sakinləri iştirak etmişlər.
Əvvəlcə rayon rəhbəri ölkəmizdə gedən surətli inkişafdan, Azərbaycanın Beynəlxalq aləmdə siyasi nüfuzunun günü-gündən artmasından, onun etibarlı tərəfdaş kimi tanınmasından, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Soçi şəhərində keçirilən “Valday ” Diskussiya Klubunun 7 illik iclasının plinar sessiyasında Ermənistanın baş naziri Nikol Paşinyana verdiyi tutarlı cavabdan-“Qarabağ Azərbaycandır və nida” danışdı. Bildirdi ki, möhtərəm Prezidentimizin çıxışının alqışlarla qarşılanması hər bir azərbaycanlını qürurlandırdı və Azərbaycanın Dağlıq Qarabağ probleminin həllində mövqeyinin dəyişməz olduğunu bir daha bəyan etdi.
İcra başçısı Müstəqim Məmmədov əhalinin sosial müdafiəsi və sosial rifahının yüksəldilməsi istiqamətində görülən işlərdən, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən də danışdı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə şəhid ailələrinə birdəfəlik ödəmə verilməsinin, minimum əməkhaqqının 180 manatdan 250 manata çatdırılmasından, minimum pensiyanin, tələbələrin təqaüdlərinin əhəmiyyətli dərəcədə artırılması, qaçqınlar və məcburi köçkünlər də daxil olmaqla bütün növ müavinətlərin 100 faiz həcmində artırıldığını diqqətə çatdırdı.
O, rayonda gedən tikinti-abadlıq işlərini, kənd təsərrüfatı sahəsində əldə olunan nailiyyətləri də dilə gətirdi. Qeyd olundu ki, rayon taxılçıları bu il buğda istehsalında hər hektardan 41,6 sentner məhsuldarlıq əldə ediblər.
Sahələrdən indiyədək 11 min 840 ton “ağ qızıl”, 18 min ton çuğundur toplanıb. Hazırda məhsul yığımı davam edir. Tərtərlilər pambıq yığımında məhsuldarlığa görə birinci yerdədirlər.
Son beş ildə rayonda tikinti abadlıq işləri də geniş vüsət alıb, yeni yollar çəkilib, körpülər tikilib, yeni inzibati binalar, körpələr evi-uşaq bağçası istifadəyə verilib. İndi tərtərlilərin müasir Tarix-diyarşünaslıq muzeyi, Uşaq-Gənclər Şahmat məktəbi, YAP rayon şöbəsinin yeni inzibati binası var, rayonda pambıqemalı zavodu, xalçaçılıq sexi fəaliyyət göstərir.
Hazırda şəhərdə ayrılmış 4 hektar ərazidə möhtəşəm Olimpiya İdman Kompleksinin tikintisi gedir. Olimpiya İdman Kompleksində mini futbol meydançası, üzgüçülük hovuzu, əl oyunları, boks, taekvando, güləş üçün zallar, otel faəliyyət göstərəcək.
Şəhərin girişində Dövlət Bayrağı Meydanında isə Dövlər Rəmzləri Muzeyi tikilir. Burada sərgi zalı ilə yanaşı inzibati və yardımçı otaqlar da olacaq. Bütün görülən işlərin mərkəzində insan amili, onun maddi rifah halının yaxşılaşdırılması durur.
Sonra Qaradağlı kənd İƏD nümayəndə Razil Məmmədov kənd haqqında məlumat verdi. İcra nümayəndəsi bildirdi ki, Qaradağlı kəndinin 540 təsərrüfatı, 1050 hektar ərazisi var. Kənddə 2312 nəfər əhali yaşayır. Ərazidə 1 tam orta məktəb, 1 tibb məntəqəsi, 1 kitabxana, 10 ticarət və 4 məişət xidməti obyekti, 1 ATS, 12 subartezin quyusu fəaliyyət göstərir. Bu il Qaradağlı kəndinin sakinləri 65 hektar buğda, 21.59 hektar pambıq əkmişlər. Hər hektardan 32 sentner taxıl, 43,2 sentner pambıq götürüblər, kümçülər dövlətə 500 kiloqram barama təhvil veriblər.
İcra nümayəndəsi kəndin fasiləsiz işıq, su, qaz ilə təmin olunduğunu, 4500 metr kəndarası yolun təmir olunduğunu, 5000 metr su arxının lildən təmizləndiyini də bildirdi.
Sonra sakinlərin müraciətləri dinlənildi.
Kənd ağsaqqalı Bayram Orucov və Qarabağ müharibəsi veteranı Elbrus Sadıqov kənddə suvarmada olan çətinliklərin aradan qaldırılması üçün yeni subartezian quyusunun vurulmasına ehtiyac olduğunu, şəhid ailəsi Sevda İsmayılova oğlunun işlə təmin olunmasına köməklik göstərilməsi ilə bağlı müraciət etdilər.
Edilən müraciətlərin həll ilə bağlı rayon rəhbəri tərəfindən əlaqədar qurumlara müvafiq tapşırıqlar verildi.
Sonra Xoruzlu kənd sakini, şəhid anası Nazilə Həsənovanın müraciətilə bağlı evinə baxış keçirildi.
Qəbuldan sonra rayon rəhbəri kənd ağsaqqalları ilə çay süfrəsi arxasında söhbət etdi.