Tərtər rayonunun məktəbliləri Quba-Qusar-Xaçmaz istiqaməti üzrə yola düşüblər
Tərtər rayonunun məktəbliləri Quba-Qusar-Xaçmaz istiqaməti üzrə yola düşüblər
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədilə “Ölkəmizi tanıyaq” adı ilə keçirilən maarifləndirici tur-aksiyaya qoşulan Tərtər rayonunun məktəbliləri Quba, Qusar və Xaçmaz rayonlarını daha yaxından tanıyacaqlar.
Tur-aksiyada iştirak edəcək şagirdlər Tərtər şəhərindəki Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar. Sonra Heydər Əliyev Mərkəzinin qarşısında rayon ictimaiyyətinin nümayəndələrinin və valideynlərin iştirakı ilə məktəblilərlə görüş keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, artıq ənənəyə çevrilən tur-aksiyaların məktəblilərin vətənpərvərlik tərbiyəsində, onlarda azərbaycançılıq ideologiyasının formalaşmasında mühüm əhəmiyyətindən danışıb. Bildirib ki, Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin başlıca məqsədlərindən biri gənc nəslin bilikli, dünyagörüşlü formalaşması, Vətənə məhəbbət ruhunda tərbiyə olunmasıdır. “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyalar da məhz bu amala xidmət edir.
M.Məmmədov ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə ətraflı məlumat verərək, məktəblilərə getdikləri bölgə haqqında geniş bilgilər əldə etməyi, yeni dostlar tapmağı, aksiya zamanı keçiriləcək intellektual oyunlarda fəal iştirak etməyi tövsiyə edib və mənalı istirahət arzulayıb.
Tur-aksiya iştirakçıları musiqi sədaları altında rəqs ediblər. Rayon incəsənət ustalarının iştirakı ilə konsert proqramı və məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub.
Tərtər məktəblilərinin yolasalma mərasimi rayonun mərkəzi meydanında keçirilib. Rayon rəhbərliyi, təhsil işçiləri və valideynlər tur-aksiya iştirakçılarına tövsiyələr verib, səfərlərinin mənalı və maraqlı olmasını arzulayıblar.
Müəllim və valideynlər məktəblilərə səfərlə bağlı tövsiyələrini veriblər. Tur-aksiya iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra onlar üçün ayrılmış xüsusi avtobuslarla respublikamızın Şimal bölgəsinə yola düşüblər.