Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Bayrağı Günü Tərtər rayonunda bayram əhval-ruhiyyəsi ilə qeyd edilib

09 noyabr 2019 | 16:00

9 noyabr - Dövlət Bayrağı Günü cəbhə bölgəsində yerləşən Tərtər rayonunda bayram əhval-ruhiyyəsi ilə qeyd edilib. Tərtərlilər dövlət bayrağına olan sevgi və ehtiramlarını möhtəşəm yürüşlə ifadə ediblər. Tərtər Rayon İcra Hakimiyyəti  təşkilatçılığı ilə keçirilən “Bayraq yürüşü”ndə Milli Məclisin deputatı Sahib Alıyev, Müdafiə Nazirliyinin, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri, hərbçilər, Qarabağ müharibəsi veteranları, gənclər, idmançılar, müəllim və şagirdlər, QHT və KİV nümayəndələri, ümumilikdə 6 minə yaxın rayon sakini iştirak ediblər.

Yürüş Heydər Əliyev prospektindən Dövlət Bayrağı Meydanına qədər davam edib. Tədbir Azərbaycanın Dövlət Himninin oxunması ilə başlanıb.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik edib, Dövlət Bayrağı Gününün qeyd olunmasını dövlətçilik tariximizin əlamətdar hadisəsi kimi qiymətləndirib. Bildirib ki, üçrəngli bayrağımızın yüksəklərdə dalğalanması üçün xalqımız çətin, eyni zamanda, şanlı mübarizə yollarından keçib. Minlərlə Vətən övladının qanı bahasına başa gəlmiş bayrağımızın dövlət atributuna çevrilməsi, müstəqil Azırbaycanın səmalarında dalğalanması və dünya birliyi tərəfindən tanınması xalqımızın apardığı mücadilənin nəticəsidir.

Qeyd olunub ki, hər bir Azərbaycan vətəndaşı millət və dövlət kimi varlığımızın sübutu, atalarımızın əmanəti olan, uğrunda minlərlə Vətən övladının canından keçdiyi bayrağımızı sevir və onunla qürur duyur. Respublikamızın bütün bölgələrində olduğu kimi Tərtər şəhərində də bayraq meydanının inşa edilməsi və hazırda Dövlət Rəmizləri muzeyinin tikintisi bayrağımıza olan sevgi və ehtiramın göstəricisidir. Meydanda 65 metr hündürlükdə dalğalanan bayrağımız cəbhə bölgəsində yaşayan tərtərlilərin qəlbini fərəh və qürur hissi ilə doldurur.

Sonra Milli Məclisin deputatı Sahib Alıyev, rayon prokuroru Şıxəli Alməmmədov, polis şöbəsinin rəisi Elçin Qasımov, N saylı hərbi hissənin komandir müavini Namiq Cavadov, Qarabağ qazisi Nazim Quluyev, “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşı Cəmil Əliyev atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanmasında tədbirin əhəmiyyətini yüksək qiymətləndiriblər.

Çıxışlarda Ali Baş komandanın qətiyyəti, Azərbaycan ordusunun qüdrəti sayəsində qürur mənbəyimiz olan üçrəngli bayrağımızın hazırda işğal altında olan torpaqlarımızda dalğalanacığına əminlik ifadə edilib.
Daha sonra əsgərlər döyüş hazırlığı səviyyəsini nümayiş etdiriblər. Tədbir konsert proqramı ilə davam edib. Rayon Mədəniyyət Mərkəzinin kollektivi, Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəqs dərinəyinin üzvləri və məktəblilər Vətənə, bayrağımıza həsr olunan mahnı, şeir və rəqslər təqdim ediblər.

Tədbirdə rayon rəhbəri tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təltif edilmiş Qarabağ qazisi İlham Mustafayevə  “Azərbaycan Bayrağı” ordeni, Ayaz Məmmədova “Hərbi xidmətlərə görə” Azərbaycan Respublikasının medalı və Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi tərəfindən təltif edilmiş Raqil Ağayevə “Vətən naminə” medalları təqdim edildi.

 

Keçidlər