Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Tərtərdə sakinlərlə görüşüb
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Tərtər rayonunda Tərtər və Ağdam rayonlarının vətəndaşlarını fərdi qaydada qəbul edib.
Qəbuldan əvvəl Sahil Babayev və Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ümummilli lider Heydər Əliyevin Tərtər şəhərindəki abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad ediblər.
Nazir vətəndaşlarla görüşündə Prezident İlham Əliyevin tapşırıqlarına əsasən sosial sahədə aparılan islahatlar barədə məlumat verib. Sosial sahədə irəliləyişlərin, sosial ödənişlərdə artım dinamikasının, həssas qruplara dövlət dəstəyinin artırılması işlərinin qarşıdakı dövrdə də davam edəcəyini vurğulayıb.
Vətəndaşların müraciətləri bu və ya digər sosial təminat növünə hüququn müəyyən edilməsi, özünüməşğulluq proqramına və digər aktiv məşğulluq tədbirlərinə cəlb olunma, əlilliyin qiymətləndirilməsi, reabilitasiya xidmətləri ilə təminat, əmək hüquqlarının müdafiəsi və s. məsələlərlə bağlı olub. Müraciətlər nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər şəxslərinin iştirakı ilə araşdırılıb və cavablandırılıb. Vətəndaşlar tərəfindən qaldırılan bir çox məsələlərin həlli ilə bağlı yerindəcə tədbirlər görülüb.
Qəbul zamanı vətəndaşlar sosial sahədə aparılan köklü islahatlardan, əhalinin rifah halının yaxşılaşdırılması, pensiya, müavinət və təqaüdlərin ciddi şəkildə artırılması, məşğulluq proqramlarının, o cümlədən özünüməşğulluq proqramının genişləndirilməsi üçün atılan addımlardan razılıqla bəhs edib, Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.