Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə region gənclərinin peşə və ixtisas seçiminə dəstək məqsədilə tədbir keçirilib

24 oktyabr 2019 | 16:00

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə “Gənclik gələcəkdir! Uğurun üçün çalış” gənclərin peşə və ixtisas seçiminə dəstək adlı layihə çərçivəsində oktyabrın 23-də Tərtər rayonunda yaşayan və təhsil alan gənclər üçün təlim keçirilib. Layihənin məqsədi cəmiyyətin tələblərinə uyğun olaraq gənclərin səriştə əsaslı peşə və ixtisas seçimində onlara dəstək olmaq, əmək bazarının tələbinə uyğun peşələr və ixtisaslar üzrə peşə və ixtisas təhsilli kadr və mütəxəssis hazırlığının təmin edilməsinə diqqəti artırmaq, bu sahənin inkişafına töhfə verməkdir.

Mərkəzin sədri Cavidan Ağazadə tədbirdə çıxış edərək bildirib ki, dayanıqlı inkişaf baxımından peşə seçiminin əhəmiyyəti təbii sərvətlərlə zəngin olan ölkələr üçün xüsusi əhəmiyyət daşıyır. Ölkələrarası rəqabət güclənməkdə, ali təhsillə əmək bazarı arasında ciddi dəyişikliklər baş verməkdədir. Reallıqları nəzərə alaraq, qeyd etmək lazımdır ki, bundan sonra ancaq innovativ, inklüziv, bilik üzərində qurulan strategiyalar uğur əldə etmək imkanına malikdir. “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin irəli sürdüyü “qara qızıl”ın “insan qızılı”na çevrilməsi konsepsiyası məhz problemin əhəmiyyətini aydın şəkildə izah edir. Azərbaycanın müəyyən etdiyi inkişaf strategiyası məhz bu istiqamətdədir. Bu hədəflərə çatmaq və töhfə vermək vətəndaş cəmiyyətinin təmsilçisi olaraq bizi də düşündürür və problemin həllinə töhfə verməyə təşviq edir”, – deyə C.Ağazadə vurğulayıb.

Tədbirdə Azərbaycan Dövlət Aqrar Universitetinin prorektoru Anar Hətəmov, Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitrar məsələlər şöbəsinin müdir müavini Elvin Umudov, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, Mingəçevir Şəhər Gənclər Evinin direktoru Tural Kərimov, Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov, Dövlət İdarəçilik Akademiyasının Davamlı inkişafın planlaşdırılması və idarə edilməsi kafedrasının dosenti Miraqil Seyidzadə, Dövlət İdarəçilik Akademiyası İctimai əlaqələr, elektron tədris və informasiya-kommunikasiya texnologiyaları şöbəsinin müdiri, fəlsəfə doktoru, dosent Yusif Ağayev, “Dostluq” Gənclərin Əlaqələndirmə Mərkəzinin şöbə müdiri Murad Həsənxanlı, AQRO Konsultasiya Mərkəzi MMC-nin icraçı direktoru Rayaxanım Ağazadə və digərləri çıxış edərək cəmiyyət həyatı üçün region gənclərinin doğru peşə və ixtisas seçiminin əhəmiyyətindən danışıblar.

Natiqlər peşə təhsilinin əhəmiyyəti və inkişafı konsepsiyasının önəmini, onun təşviqinin vacibliyini vurğulayıblar. Bildirilib ki, hər bir gənc öz bacarığını kəşf etməli, inkişaf etdirməli və sahəsi üzrə peşəkar mütəxəssis olaraq özünü formalaşdırmalıdır. Düzgün peşə seçimi və sevdiyi işlə məşğul olmaq insanın zövqlü və rahat yaşayışının təminatı olmaqla bərabər, eyni zamanda, cəmiyyətdə məşğulluq probleminin həll edilməsi baxımından vacibdir.

“Gənclik gələcəkdir! Uğurun üçün çalış” gənclərin peşə və ixtisas seçiminə dəstək adlı təlim zamanı gənclərin sualları cavablandırılıb və onlara sertifikatlar təqdim edilib.

Keçidlər