Şriftin ölçüsü :

Saytın rəngi :

Buruc kəndində icra başçısının növbəti səyyar qəbul-görüşü oldu

11 oktyabr 2019 | 16:00

Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü Buruc kəndində oldu. Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, kənd sakinləri iştirak etdilər.

Əvvəlcə Buruc kənd İƏD üzrə nümayəndə Böyükkişi Məlikov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışdı. Bildirdi ki, Buruc kəndinin 290 təsərrufatı, 1165 nəfər əhalisi, 614 hektar ərazisi var. Kənd sakinlərinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır. Kənd daimi işıq, qaz, içməli su ilə təmin olunub, əsas yolu asfaltlanıb.

Kənddə 1 tam orta məktəb, 1 körpələr evi-uşaq bağçası, tibb məntəqəsi, mədəniyyət evi, 1 poçt, 1 ATS, 5 ticarət və iaşə obyekti fəaliyyət göstərir.

Bu il kənd əməkçiləri 187 hektarda taxıl, 18 hektarda arpa, 12 hektarda çuğundur, 65 hektarda pambıq əkiblər. Hər hektardan 30 sentner taxıl, 30 sentner arpa götürüb, 1 ton 102 kq barama təhvil veriblər. Hazırda tarlalarda pambıq yığımı gedir. Baramaçılığın inkşafı üçün 1500 ədəd tut tingi əkilib, 3000 m su arxları lildən təmizlənib, 2 km kəndarası, 1 km qəbristanlıq yolu təmir olnub.

İcra nümayəndəsinin məlumatından sonra, sakinlərin müraciətləri dinlənildi. Kənd ağsaqqalı Asif Alıkişiyev kənd sakinlərinin sosial problemlərinin həlli istiqamətində görülən işlərdən danışdı. Bildirdi ki, kənd yolu asfaltlanıb, fasiləsiz işıq, qazla təmin olunuruq. Bütün bunlara görə möhtərəm Prezidentimiz İlham Əliyevə minnətdarıq.

Sonra ağsaqqal kənddə yeni müasir tipli məktəbin tikilməsinə, körpələr evi-uşaq bağçasının təmirinə ehtiyac olduğunu bildirdi.

Sakinlərdən Nüşabə Misirova suvarmada olan çətinliklərin aradan qaldırılması üçün yeni subartezian quyusunun qazılmasına, qəzalı vəziyyətdə olan subartezianın təmirinə, Məhərrəm Şamilov məktəbin qarşısından keçən asfalt yola yol nişanlarının qoyulmasına, Fizuli Yusifov suvarma kanallarının təmizlənməsinə ehtiyac olduğunu bildirdilər.

Edilən müraciətlərlə bağlı rayon rəhbəri tərəfindən əlaqədar qurumlara müvafiq tapşırıqlar verildi.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov  əhalinin sosial müdafiəsi və sosial rifahının yüksəldilməsi istiqamətində görülən işlərdən, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışdı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə şəhid ailələrinə birdəfəlik ödəmə verilməsinin, minimum əməkhaqqının 180 manatdan 250 manata çatdırılmasından, minimum pensiyanin, tələbələrin təqaüdlərinin əhəmiyyətli dərəcədə artırılması, qaçqınlar və məcburi köçkünlər də daxil olmaqla bütün növ müavinətlərin 100 faiz həcmində artırıldığını diqqətə çatdırdı.

Rayon rəhbəri qəhrəman tərtərlilərin əmək cəbhəsində qazandıqları uğurları da dilə gətirdi, tarlalarda bol məhsul olduğunu bildirdi. Bu il də tərtərlilərin pambıq toplanışında birincilər sırasında, qarşıya qoyulan hədəfləri keçəcəklərini qeyd etdi.
Qəbuldan sonra rayon rəhbəri Buruc kənd ağsaqqalları ilə çay süfrəsi arxasında söhbət etdi.

 

Keçidlər