Səhləbad kəndində Təhlükəsiz Oyun Meydançası istifadəyə verildi
Səhləbad kəndində Litva Respublikasının Azərbaycandakı səfirliyinin əməkdaşlığı ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən yüksək səviyyədə inşa edilən yeni Təhlükəsiz Oyun Meydançası istifadəyə verildi.
Layihə çərçivəsində rayonda səfərdə olan Litvanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Egidijus Navikas Tərtər rayon İcra Hakimiyyətində oldu. Rayon rəhbəri qonağa təmas xəttində yerləşən rayon haqqında ətraflı məlumat verdi.
Sonra tədbir Səhləbad kəndində davam etdirildi. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Litva Respublikasının Azərbaycandakı səfiri Cənab Egidijus Navikas, səfirin köməkçisi Dalija İgnatavisiute, AzQAC-nin İcraçı Katibi Ceyhun Mirzəyev, layihənin koordinatoru Məmməd Kətanov, Tərtər rayon AzQAC-nin bölməsinin sədri Etibar Heydərov, kənd sakinləri, müəllim və şagird kollektivi iştirak etdilər.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək tədbirin əhəmiyyətindən danışdı. Belə meydançaların inşasının daha da geniş hal alacağına ümidvar olduğunu bildirdi. Litva Respublikasının Azərbaycandakı səfiri cənab Egidijus Navikas çıxış edərək rayon rəhbərliyinə və Qızıl Aypara Cəmiyyətinə bu layihənin həyata keçrilməsi üçün yaratdıqları şəraitə görə minnətdarlığını bildirərək əlaqələrin daha da genişlənəcəyinə əmin olduğunu bildirdi. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İcraçı katibi Ceyhun Mirzəyev çıxışında görüş iştirakçılarına Cəmiyyətin prezidenti, millət vəkili Novruz Aslanovun salamlarını və arzularını çatdıraraq Ölkəmizdə fəaliyyət göstərən Litva səfirliyinin son üç ildə aparılan humanitar fəaliyyətləri dəstəkləməsini xüsusi vurğuladı.
Sonda Təhlükəsiz Oyun Meydançası uşaqların istifadəsinə verildi.