Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul-görüş Hüsənli kəndində oldu

04 oktyabr 2019 | 16:00

Növbəti səyyar qəbul-görüş Hüsənli kəndində oldu

Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü Hüsənli kəndində oldu. Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, kənd sakinləri iştirak etdilər. Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov kəndarası yolun asfaltlanması münasibəti ilə sakinləri təbrik etdi, onlara xeyir-dua verdi. Uzunluğu 2.5 km olan kəndarası yolun asfaltlanması kənd sakinlərini ürəkdən sevindirir. Çünki indi onlar həm özləri, həm də istehsal etdikləri kənd təsərrüfatı məhsulları mənzilbaşına rahat, vaxt itkisinə yol vermədən çatır.

Əvvəlcə Hüsənli kənd İƏD üzrə nümayəndə Gülüstan Əhmədova kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışdı. Bildirdi ki, Hüsənli kəndinin 651 təsərrufatı, 2380 nəfər əhalisi var. Kənd sakinlərinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır. Kənd daimi işıq, qaz, içməli su ilə təmin olunub, əsas yolu asfaltlanıb.

Kənddə 1 tam orta məktəb, 1 körpələr evi-uşaq bağçası, tibb məntəqəsi, mədəniyyət evi, 1 poçt, 1 ATS, 8 ticarət obyekti fəaliyyət göstərir.

Ötən il kənd sakinləri hər hektardan 28 sentner pambıq, 45 sentner taxıl, 35 sentner arpa, 70 ton çuğundur, 258 kq barama təhvil veriblər.

Bu il isə 358 hektarda taxıl, 278 hektarda arpa, 41 hektarda çuğundur, 132 hektarda pambıq əkiblər. Hər hektardan 40 sentner taxıl, 32 sentner arpa götürüb, 918 kq barama təhvil veriblər. Baramaçılığın inkşafı üçün 1500 ədəd tut tingi əkilib, 2500 m su arxları lildən təmizlənib, son beş ildə 3 ədəd yeni subartezian quyusu qazılıb, küçələr gecə işıqlanması ilə təmin olnub.

İcra nümayəndəsinin məlumatından sonra, sakinlərin müraciətləri dinlənildi. Kənd ağsaqqalı Məhəmməd Məmmədov görülən işlərə görə, respublika Prezidentinə sakinlər adından öz minnətdarlığını bildirdi. Təmas xəttində yaşayan kənd sakinlərinin sosial problemlərinin həlli istiqamətində görülən işlərdən danışdı. Bildirdi ki, kənd yolu asfaltlanıb, gecə işıqlandırılması quraşdırılıb, fasiləsiz işıq, qazla təmin olunuruq. Bütün bunlara görə möhtərəm Prezidentimiz İlham Əliyevə minnətdarıq.

Sonra ağsaqqal kənddə elektrik təsərrüfatının yenidən qurulmasına, kabelləşməyə ehtiyac olduğunu bildirdi.

Sakinlərdən Elnurə Məmmədova işlə təmin olunma, Bayandur Qəhrəmanov  artezian quyusunun yuyulması, Əliyar Cəfərov Suvarmada olan çətinliklər, Kamal Hümbətov yeni çəkilən yolda piyadaların hərəkəti üçün səki salınması, Hüsənli kənd tam orta məktəbin direktoru Cümşüd Həsənov məktəb üçün yeni binanın tikilməsi ilə bağlı müraciət etdilər.

Kənd ağsaqqalı Yusif Ağayev kənd sakinləri adından kəndlərinə göstərilən diqqət və qayğıya görə Respublika Prezidentinə öz minnətdarlığını bildirdi.

Edilən müraciətlərlə bağlı rayon rəhbəri tərəfindən əlaqədar qurumlara müvafiq tapşırıqlar verildi.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov  əhalinin sosial müdafiəsi və sosial rifahının yüksəldilməsi istiqamətində görülən işlərdən, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışdı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə şəhid ailələrinə birdəfəlik ödəmə verilməsinin, minimum əməkhaqqının 180 manatdan 250 manata çatdırılmasından, minimum pensiyanin, tələbələrin təqaüdlərinin əhəmiyyətli dərəcədə artırılması, qaçqınlar və məcburi köçkünlər də daxil olmaqla bütün növ müavinətlərin 100 faiz həcmində artırıldığını diqqətə çatdırdı.

Qəbuldan sonra rayon rəhbəri Hüsənli kənd tam orta  məktəbinin pedaqoji kollektivi ilə görüşüb, onları 5 oktyabr müəllimlərin peşə bayramı münasibəti ilə təbrik etdi. Ən xoş arzularını bildirdi. Sonra icra başçısı kənd ağsaqqalları ilə çay süfrəsi arxasında söhbət etdi. Sahələrdə pambıq yığımının gedişi ilə tanış oldu.

 

Keçidlər