Qaraağacı kəndində səyyar qəbul-görüş keçirildi
Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü Qaraağacı kəndində oldu. Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, kənd sakinləri iştirak etdilər.
Əvvəlcə Qaraağacı kənd İƏD üzrə nümayəndə Lətif Həmidov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışdı. Bildirdi ki, Qaraağacı kəndinin 356 təsərrufatı, 1428 nəfər əhalisi var. Kənd sakinlərinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır. Kənd daimi işıq, qaz, içməli su ilə təmin olunub, əsas yolu asfaltlanıb.
Kənddə 1 tam orta məktəb, 1 körpələr evi-uşaq bağçası, tibb məntəqəsi, mədəniyyət evi, 1 kitabxana, 3 ticarət, 1 məişət, 1 iaşə obyekti, 1 poçt, 1 ATS fəaliyyət göstərir.
Ötən il kənd sakinləri hər hektardan 32 sentner pambıq, 45.3 sentner taxıl, 37.7 sentner arpa, 374 ton çuğundur, 201 kq barama təhvil veriblər.
Bu il isə 274 hektarda taxıl, 84 hektarda arpa, 32 hektarda çuğundur, 81 hektarda pambıq əkiblər. Hər hektardan 44.5 sentner taxıl, 43.7 sentner arpa götürüb, 312 kq barama təhvil veriblər. Baramaçılığın inkşafı üçün 3500 ədəd çəkil tingi əkilib. Kənddə 5 km kəndarası yol təmir olunub, 38 km su arxları lildən təmizlənib, 2 ədəd yeni subartezian quyusu qazılıb, içməli su xətti çəkilib, küçələrdə 12 bulaq quraşdırılıbdır.
İcra nümayəndəsinin məlumatından sonra, sakinlərin müraciətləri dinlənildi. Sakinlərdən kənd ağsaqqalı Şükür Əhmədov görülən işlərə görə, respublika Prezidentinə sakinlər adından öz minnətdarlığını bildirdi. Təmas xəttində yaşayan kənd sakinlərinin sosial problemlərinin həlli istiqamətində görülən işlərdən danışdı. Bildirdi ki, kənd yolu asfaltlanıb, gecə işıqlandırılması quraşdırılıb, fasiləsiz işıq, qaz, su ilə təmin olunuruq, yaxşı yaşayır, işləyir, ailəmizin firavanlığını təmin edirik. Əvvəllər kənddə 1 minik avtomobili var idisə, indi hər ailədə 1 maşın var. Bütün bunlara görə möhtərəm Prezidentimiz İlham Əliyevə minnətdarıq.
Sonra Şükür Əhmədov “Qulubəyli yeri” adlanan ərazidə yerləşən 80 hektara yaxın əkin sahələrinin suvarılmasında yaranan çətinlikləri dilə gətirərək bu ərazidə subartezian quyusunun qazılmasına ehtiyac olduğunu bildirdi. Eyni təklifə kənd sakini Mamed Nuriyev də qoşuldu.
Sakinlərdən Zahid Əhmədov içməli su xəttinin 24 ailənin yaşadığı küçəyə də çəkilməsi, ll qrup Qarabağ müharibəsi əlili Ceyhun Məmmədov ona 2-ci pay torpağı sahəsinin verilməsi, Elnur Əhmədov isə maşınların kənd yolunda surət həddinin azaldılması ilə bağlı müraciət etdilər.
Edilən müraciətlərlə bağlı rayon rəhbəri tərəfindən əlaqədar qurumlara müvafiq tapşırıqlar verildi.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əhalinin sosial müdafiəsi və sosial rifahının yüksəldilməsi istiqamətində görülən işlərdən, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışdı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə şəhid ailələrinə birdəfəlik ödəmə verilməsinin, minimum əməkhaqqının 180 manatdan 250 manata çatdırılmasından, minimum pensiyanin, tələbələrin təqaüdlərinin əhəmiyyətli dərəcədə artırılması, qaçqınlar və məcburi köçkünlər də daxil olmaqla bütün növ müavinətlərin 100 faiz həcmində artırıldığını diqqətə çatdırdı.
Kənd sakinləri əhalinin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərə, sosial problemlərinin həllinə görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirdilər.
Qəbuldan sonra rayon rəhbəri kənd ağsaqqalları ilə çay süfrəsi arxasında söhbət etdi.