Seydimli kəndində vətəndaşların müraciətləri dinlənildi
Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü Seydimli kəndində oldu. Qəbulda Milli Məclisin Deputatı Sahib Alıyev, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, kənd sakinləri iştirak etdilər.
Əvvəlcə Seydimli kənd İƏD üzrə nümayəndə Nərmin Vəliyeva kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışdı. Bildirib ki, Seydimli kəndinin 687 təsərrufatı, 2745 nəfər əhalisi var. Kənddə 360 yerlik bir tam orta məktəb, 1 kitabxana, 17 məişət ticarət xidməti obyekti, 1 ATS, bir poçt fəaliyyət göstərir.
Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq və əkinçilik təşkil edir. Sahələrin suvarılması üçün 9 subartezian quyusu fəaliyyət göstərir ki, bunun da 3-ü son üç ildə qazılmışdır.
Kənd fasiləsiz olaraq təbi qaz və elektrik enerjisi ilə təmin olunur. İçməli su üçün küçələrdə 7 bulaq quraşdırılıb.
6 km kəndaxili və sahələrarası su arxları lildən, 4 km kənddən keçən magistral yolun kənarları məişət tullantılarından təmizlənib.
İcra nümayəndəsinin ərazi haqqında məlumatından sonra sakinlərin müraciətləri dinlənildi. Kənd ağsaqqalı Ələddin Süleymanov respublika Prezidenti tərəfindən əhaliyə göstərilən diqqət və qayğıdan, onların sosial problemlərinin həllindən, hazırda kəndlərinin abad bir kəndə çevrildiyindən danışdı. Artiq əhalinin işıq, qaz, içməli su problemlərinin olmadığını qeyd etdi. Göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə kənd sakinləri adından öz minnətdarlığını bildirdi. Suvarmada olan çətinliklərin aradan qaldırılması üçün kənddə 2 subartezian quyusunun qazılmasına, elektrik təsərüfatının yenidən qurulmasına ehtiyac olduğunu vurğuladı.
Kənd sakinləri Tahir Vəliyev, Tamella Məmmədova, Aminə Mayılova, Simuzər Səfərova, Raquf Orucov, Fiqurə Orucova, Etibar Orucov, Samir Əzizov suvarmada olan çətinliklərin aradan qaldırılmaq üçün 1 ədəd artezian quyusunun bərpası, 2 yeni subartezian quyusunun qazılması, içməli su təlabatının ödənilməsi üçün içməli su layihəsinin başa çatdırılması, qəzalı vəziyyətdə olan elektrik dirəyinin dəyişdirilməsi, elektrik sayğacının ünvanının dəyişdirilməsi ilə bağlı müraciət etdilər.
Edilən müraciətlərlə bağlı əlaqədar təşkilatlara müvafiq tapşırıqlar verildi.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əhalinin sosial müdafiəsi və sosial rifahının yüksəldilməsi istiqamətində görülən işlərdən, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışdı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə şəhid ailələrinə birdəfəlik ödəmə verilməsinin, minimum əməkhaqqının 180 manatdan 250 manata çatdırılmasından, minimum pensiyanin, tələbələrin təqaüdlərinin əhəmiyyətli dərəcədə artırılması, qaçqınlar və məcburi köçkünlər də daxil olmaqla bütün növ müavinətlərin 100 faiz həcmində artırıldığını diqqətə çatdırdı.
Tədbirdə iştirak Milli Məclisin Deputatı Sahib Alıyev dövlət tərəfindən regionların inkişafına, əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıdan danışdı, sakinlər tərəfindən qaldırılan məsələləri diqqətlə dinlədi, onların həlli istiqamətində aidiyyəti qurumların qarşısında məsələ qaldırılacağını və lazımı köməklik göstəriləcəyini bildirdi.
Kənd sakinləri əhalinin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərə, sosial problemlərinin həllinə görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirdilər.