Şriftin ölçüsü :

Saytın rəngi :

“Yeni Üfüq” Qurban bayramını Tərtərdə əsgər və zabitlərlə keçirdi

12 avqust 2019 | 16:00

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Tərtər Rayon İcra Hakimiyyəti ilə birlikdə Müqəddəs Qurban bayramı münasibəti ilə Tərtər rayonunun ərazisində məskunlaşan məcburi köçkünləri, şəhid, qazi ailələrini, aztəminatlı ailələrə və eləcə də cəbhə xəttində xidmət edən əsgər və zabitləri ziyarət edib.

Təşkilatın sədri Sevinc Əzimbəyli görüşlərdə bildirib ki, hər il ənənəvi şəkildə təşkilatımız tərəfindən regionlarda və paytaxtda Müqəddəs Qurban bayramı münasibətilə xeyriyyə aksiyaları həyata keçirir. Allah qarşıdakı illərdə qurbanlarımızı azad olunan Qarabağ torpaqlarında kəsməyi nəsib eləsin! Hər birimiz şahidik ki, dövlətimiz tərəfindən işğal altında olan torpaqlarımızın azad olunmasında uğurlu siyasət həyata keçirilir və inanırıq ki, tezliklə azad olunmuş doğma Qarabağımızda bayramlarımızı qeyd edəcəyik.

Sonra görüşdə iştirak edən Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli qeyd edib ki, hər bir azərbaycanlı Qarabağın işğaldan azad olunması üçün dövlətin yanında olmalıdır: “Təsadüfi deyil ki, biz bu istəklə hərbi hissələrə, əsgər və zabitlərimizin görüşünə böyük ruh yüksəkliyi ilə gəlirik. Həm də bir əminliyimiz var ki, tezliklə işğaldan azad olunan torpaqlarımıza, Qarabağımıza qayıdacağıq. O gün uzaqda deyil və tezliklə Ali Baş Komandanın rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu işğaldan azad olunmuş Xankəndində, Şuşada şanlı Azərbaycan bayrağını dalğalandıracaq”.

Tədbirdə iştirak edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim çıxış edərək vurğulayıb ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə qüdrətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edərək tarixi yurd-yuvalarımızda şanlı zəfərimizi qeyd edəcəyik: “Biz hər birimiz qələbə ümidi ilə dövlətimizin və ölkə rəhbərliyinin Qarabağın azadlığı naminə apardığı uğur siyasətə dəstək verməyə borcluyuq”.

Həmçinin aksiya çərçivəsində Tərtər rayonunda N saylı hərbi hissədə qurbanlar kəsilib.

 

Keçidlər