YAP Tərtər Rayon Təşkilatının 26 yaşı tamam oldu
Tərtər rayonunda Yeni Azərbaycan Partiyası Tərtər rayon Təşkilatının yaradılmasının 26-cı ildönümünə həsr olunmuş tədbir keçirildi.
Öncə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin rayonun mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad etdilər. Sonra tədbir Yeni Azərbaycan Partiyasının rayon təşkilatının inzibati binasında davam etdirildi.
Tədbir iştirakçıları əvvəlcə partiyanın yaradıcısı Ulu Öndərin və rayon təşkilatının qeydiyyatında olub, dünyadan köçmüş üzvlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Məruzə ilə çıxış edən YAP rayon təşkilatının sədri Ramiz Şabanov bildirdi ki, 1993-cü il iyul ayının 25-də yaradılan YAP Tərtər Rayon Təşkilatı rayonda daim partiyanın siyasi xəttinin dönmədən həyata keçirilməsində ön sıralarda addımlayır. YAP rayon təşkilatı özündə 6489 nəfər partiya üzvünü birləşdirir.
Bu gün rayon təşkilatının üzvlərinin 3489 nəfərini qadınlar, 1406 nəfərini isə gənclər təşkil edir. Cari ilin ötən dövründə partiya sıralarına 156 nəfər fəal, Heydər Əliyev ideyalarına, dövlətə və dövlətçiliyə sədaqəti ilə seçilən insanlar qəbul olunmuşdur ki, onların da 84 nəfəri və ya 54 faizi gənclər, 83 nəfəri isə qadınlardır.
YAP Tərtər Rayon Təşkilatı öz işini partiyanın Nizamnamə və Proqram tələbləri səviyyəsində qurmağa çalışaraq, rayonun ictimai, siyasi həyatında və iqtisadi sahələrində görülən və həyata keçirilən işlərdə partiya üzvlərinin fəal və nümunəvi iştirakını təmin edir.
Ramiz Şabanov tədbir iştirakçılarını və onların şəxsində rayon təşkilatının sıralarında olan bütün siyasi həmfikirləri rayon təşkilatının yaradılmasının 26-cı ildönümü münasibətilə bir daha təbrik edib, hər bir partiya üzvünə uğurlar arzuladı.
Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Yeni Azərbaycan Partiyasının 26 il ərzində keçdiyi çətin və şərəfli yoldan ətraflı danışdı. Tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik etdi.
Rayon rəhbəri bildirdi ki, tarixi zərurətdən doğan və ulu öndər Heydər Əliyevin rəhbərliyi altında yaradılan Yeni Azərbaycan Partiyası yarandığı ilk gündən dövlətçilik, azərbaycançılıq, vətənçilik kimi ülvi prinsiplərə söykənərək artıq 26 ildir ki, iqtidar partiyası kimi fəaliyyətdədir. Ümummilli lider Heydər Əliyev ideyaları ilə silahlanmış Yeni Azərbaycan Partiyası həmişə və bu gün də möhtərəm Prezident, partiyamızın sədri cənab İlham Əliyevin müəyyənləşdirdiyi daxili və xarici siyasəti uğurla həyata keçirir, doğma Azərbaycanımızın dünya dövlətləri içərisində tutduğu layiqli mövqeyinin möhkəmləndirilməsi yolunda yorulmaz fəaliyyədədir.
Sonra rayon təşkilatı Şurasının üzvlərindən Sahib Həsənov, Gülarə Əkbərova, rayon təşkilatı Qadınlar Şurasının üzvü Fitat Əliyeva və rayon təşkilatı Gənclər Birliyinin sədri Tunarə Məmmədzadə də çıxış edib, partiya üzvlərini rayon təşkilatının yaranmasının 26-cı ildönümü münasibəti ilə təbrik edərək, partiya üzvlərini ölkənin ictimai-siyasi həyatında daha fəal olmağa çağırdılar.
Çıxışlarda belə bir fikir vurğulandı ki, ümummilli lider dünənin, bü günün və gələcəyin partiyası adlandırdığı Yeni Azərbaycan Partiyası və onun yerli təşkilatları partiyanın Proqram prinsiplərinə sadiq qalaraq daim Azərbaycan Dövlətinin möhkəmləndirilməsi, Azərbaycan xalqının sosial rifah halının daha da yaxşılaşdırılması üçün, ölkəmizin sürətli inkişafının daimilliyini təmin etmək yolunda müəyyənləşdirdiyi siyasi xətdə sədaqətlilik nümayiş etdirir. YAP üzvləri dövlətimizin daha da qüdrətlənməsi yolunda görülən hər bir işdə nümunə göstərməkdədirlər.
Tədbirin sonunda YAP sıralarına yeni qəbul olunmuş bir qrup gəncə rayon rəhbəri tərəfindən partiya üzvlük vəsiqələri təqdim olundu.