Davud Nəsibin yeni nəşr olunan “Cavanşir” tarixi romanının təqdimatı oldu
İyunun 25-də Tərtər şəhər Mədəniyyət Mərkəzində şair, publisist, tərcüməçi Davud Nəsibin yeni nəşr olunan "Cavanşir” tarixi romanının təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qonaqları salamlayıb, kitabın əhəmiyyəti haqqında danışıb və kitabın tariximizin öyrənilməsi üçün qiymətli vəsait olduğunu diqqətə çatdırıb.
Davud Nəsibin oğlu Xəyyam Nəsibov çıxış edərək əvvəlcə tədbirin təşkilatçılarına və iştirakçılara dərin təşəkkürünü bildirib, atasının həyat və yaradıcılığından danışıb, əsər haqqında ətraflı məlumat verib. Qeyd edib ki, Davud Nəsibin “Cavanşir” tarixi romanı Albaniyanın VII əsrdə yaşamış böyük hökmdarı, ordunun baş komandanı Cavanşirin qəhramanlıqla zəngin, keçməkeşli, faciəli sonluqla bitən həyat və fəaliyyətindən bəhs edir.
Əsər dörd hissədən ibarətdir: “Sınaq”, “Dönüş”, “Xəyanət”, “Qanlı Meydan”.
Tədbirdə Bərdə Regional Mədəniyyət İdarəsinin Tərtər üzrə nümayəndəsi Ceyhun İsmayılov, Bərdə Regional Mədəniyyət İdarəsinin nümayəndəsi Həvva Mirzəyeva, Mərkəzləşdirilmiş kitabxana sistemində metodika və bibloqrafiya şöbəsinin müdiri Ətrabə Süleymanova, Həsənqaya kənd İƏD üzrə nümayəndə İlqar Qasımov çıxış edərək Davud Nəsibin çoxşaxəli yaradıcılığlndan söz açdılar, əsər haqqında fikirlərini bölüşdülər. Romanın tariximizin öyrənilməsində mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırdılar.