Tərtərdə “Ağ qayıq” tamaşası nümayiş olunub
İyunun 25-də Tərtər rayon Mədəniyyət Mərkəzinin səhnəsində Şuşa Dövlət Musiqili Dram Teatrının yaradıcı kollektivinin ifasında “Ağ qayıq” tamaşası təqdim olunub.
Əvvəlcə pyesin müəllifi Elnurə Abdullayeva çıxış edərək əsər haqqında ətraflı məlumat verib. Bildirib ki, əsərin süjeti real hadisələr üzərində qurulub.
Əsərdə Qarabağ müharibəsində Azərbaycan xalqının başına gətirilən müsibətlərdən, erməni faşistlərinin qəddarlığından danışılır.
Qeyd edək ki, səhnə əsərinin quruluşçu rejissoru Samir Qulamov, quruluşçu rəssamı Mahir Cananov, musiqi tərtibatçısı Aygün Zeynalovadır. Rolları xalq artisti Şükufə Musayeva, əməkdar artist Azad Məmmədov, aktyorlar Dürdanə Dünyamalıyeva, Gündüz Qasımov, Turanə Əliyeva və başqaları oynayıblar.
Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Qarabağ münaqişəsi ilə bağlı reallıqların əbədiləşdirilməsi, bugünki və gələcək nəsillərə çatdırılması, düşmənin və onların himayadarlarının iç üzünün açılması üçün belə əsərlərə böyük ehtiyac duyulduğunu vurğulayıb, qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində dövlətimiz tərəfindən aparılan işlərdən danışıb. Tamaşanın yaradıcı heyyətinə və ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib.
Sonda rayon icra hakimiyyətinin başçısı tərəfindən filmin yaradıcı heyyətinə xatirə hədiyyəsi təqdim olunub.