Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər rayonunda Beynəlxalq əlillər günü qeyd olundu

04 dekabr 2013 | 16:00

3 dekabr Beynəlxalq əlillər günü münasibətilə rayonda bayram tədbiri keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin xatirəsini yad edib, abidəsi önünə gül-çiçək dəstələri qoymuşlar.

       Sonra tədbir “Asiman”şadlıq sarayında əlillər üçün açılmış bayram süfrəsi arxasında davam etmişdir. Tədbirdə müxtəlif qruplardan olan 120 nəfər əlil iştirak etmişdir.

      Rayon icra hakimiyyətinin başçısı cənab Ceyhun Cəfərov əlilləri bayram münasibətilə təbrik etmiş, dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıdan, verilən imtiyazlardan danışmışdır. “Fiziki cəhətdən əlil olmaq yox, mənəvi cəhətdən əlil olmaq bədbəxtlikdir”, fikrini vurğulamışdır.

       Sonra Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri Veteranları Birliyinin sədri, II qrup əlil Suliddin Yusifov, I qrup Qarabağ müharibəsi əlili, “Azərbaycan Bayrağı” ordenli Nizami Heydərov, Qarabağ müharibəsi əlili Pənah Məmmədov, Çernobıl Əlilləri Cəmiyyətinin sədri Səttar Nəcəfov, Qadın Əlillər cəmiyyətinin sədri Tükəzban Əliyeva, Polis veteranlar şurasının rayon şöbəsinin sədri Vidadi Məmmədzadə çıxış edərək tədbir iştirakçılarını təbrik etmişlər.

      Hər iki gözdən I qrup əlil olan balaca Müslüm Süleymanzadənin oxuduğu mahnılar hamıya kövrək hisslər yaşatdı. Alqışlar altında rayon mədəniyyət və turizm şöbəsinin metodisti Zəminə Kazımova balaca Müslümə hədiyyə təqdim etdi.

      Tədbirdə rayon icra hakimiyyətinin başçısı cənab Ceyhun Cəfərova Azərbaycan  Respublikası Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Veteranlar Şurasının rayon şöbəsinin 2-ci ildönümü  münasibətilə fəxri Diplom təqdim olunmuşdur.

     Tədbirdən bütün əlillər xoş ovqatla ayrılmışlar.
 

Keçidlər