Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə barama tədarükünə başlanıb

07 iyun 2019 | 16:00

Ölkəmizdə ənənəvi və ixracyönümlü təsərrüfat sahəsi olan baramaçılığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər öz bəhrəsini verməkdədir. Son illər cəbhə bölgəsində yerləşən Tərtər rayonunda da baramaçılığın inkişaf etdirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.

İpəkqurdunun yem bazasının bərpası məqsədilə 2016-2018-ci illərdə rayon ərazisində 228 min ədəd tut tingi əkilib ki, onun da 100 min ədəddən çoxu Çin Xalq Respublikasından gətirilib. Mövcud və yeni əkilən tut ağacları, əhalinin baramaçılıq sahəsindəki təcrübəsi, həmçinin bu sahənin gəlirli olması baramaçılığın inkişafına marağı artırıb. 2016-cı ildə rayon kümçüləri tərəfindən 959 kiloqram, 2017-ci ildə 4610 kiloqram, 2018-ci ildə 10 min 228 kiloqram barama istehsal edilib. Bu il isə 152 nəfər kümçü ilə müqavilə bağlanıb, 500 qutu ipəkqurdu verilib. 20 tondan çox barama istehsalı nəzərdə tutulub.

Artıq rayonda yaş barama tədarükünə başlanılıb. Qəbul məntəqəsində baramanın qəbulu üçün lazimi şərait yaradılıb. Mövsümün ilk günlərində kümçülərin yetişdirdikləri 2308,2 kiloqram məhsul “Azəripək” MMC nümayəndələri tərəfindən qəbul edilib.

Keçidlər