Tərtərdə balaca sakinlər üçün oyun kompleksi istifadəyə verildi.
Expressbank tərəfindən həyata keçirilən "Xoşbəxt gələcəyimiz naminə" adlı layihə çərçivəsində Tərtər Rayon İcra hakimiyyətinin dəstəyi ilə Şıxarx qəsəbəsində məcburi köçkünlər üçün inşa edilmiş yeni qəsəbədə yerləşən 5 saylı körpələr evi-uşaq bağçasının meydançasında balaca sakinlər üçün oyun kompleksi istifadəyə verildi.
Bu münasibətlə təşkil olunan tədbirdə əvvəlcə Bankın İnsan Resursları Departamentinin rəhbəri Məlahət Abdullayeva layihənin məqsədi barədə məlumat verdi. Bildirdi ki, "Bu gün cəbhəyanı bölgədə yaşayan uşaqların sevincini görmək bizi xoşbəxt edir. Gələcəyimiz olan uşaqlar daima diqqətimizdədir. Onların xoşbəxt gələcəyi naminə layihələr reallaşdırmaqda davam edəcəyik. Unutmayaq ki, insanlığın təməli uşaqlıqdan qoyulur. Bu sağlam təməlin atılmasında bizim də payımız olsun istədik. Oyunlar uşaqların psixoloji, ictimai və zehni inkişafını təmin edən ən mühüm vasitələrdən biridir. Bununla onlar ətraf mühiti, həyatı kəşf edir. Bu səbəbdən oyun meydançasını onlara hədiyyə etdik."
Expressbank-ın uzun illərdir fəaliyyət göstərən layihəsinin məqsədi ölkənin gələcəyi olan uşaqların, gənclərin maarifləndirilməsinə, daha faydalı vətəndaş kimi yetişməsinə dəstək olmaqdır.
Qeyd edək ki, oyun meydançasından bağça və ətraf qəsəbələrdən gələn ortalama 200 uşağın faydalanması gözlənilir.
Tədbirdə çıxış edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov layihənin əhəmiyyətindən danışdı və təşkilatçılara öz razılığını ifadə etdi. Ölkəmizdə uşaqlara dövlətimiz tərəfindən göstərilən diqqət və qayğını xüsusi vurğuladı. Qeyd etdi ki, Azərbaycanda uşaq problemləri hər zaman diqqət mərkəzindədir. Ulu Öndər Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqət mərkəzində saxlayırdı. Bu gün həmin siyasət Möhtərəm Prezidentimiz cənab İlham Əliyev və 1-ci vitse-prezident Mehriban xanim Əliyeva tərəfindən uğurla davam etdirilir. Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da bu sahəyə xüsusi diqqət yetirilir, Uşaqlarımızın normal yaşaması, onların təhsili, sağlamlığı, əyləncəsini təşkil etmək üçün müxtəlif tədbirlər həyata keçirilir.
Sonda qonaqlar bağçanın həyətində ağac əkdilər.