YAP Tərtər rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib
23 may 2019-cu il tarixdə YAP Tərtər rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirildi.
Konfrans öz işinə başlamazdan əvvəl tədbir iştirakçıları Ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsini ehtiramla yad edərək abidəsi önünə tər gül-çiçək dəstələri qoydular.
Gənclər Mərkəzində keçirilən konfransda əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndi, ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Konfransı giriş sözü ilə açan YAP Tərtər rayon Təşkilatının sədri Ramiz Şabanov çıxış edərək konfransa 83 ilk partiya təşkilatından 120 nəfər nümayəndə seçildiyini bildirib, ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasəti, gənclərin inkişafı ilə bağlı reallaşdırılan layihələr, dövlət proqramları barədə söhbət açdı. Qeyd olundu ki, əsasını ulu öndər Heydər Əliyevin qoyduğu dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda ölkəmizdə müasir Azərbaycan gəncinin inkişafı, yüksək səviyyədə təhsil alması istiqamətində hər cür şərait yaradılıb. Gənclər ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər.
Konfransda YAP Tərtər rayon təşkilatı Gənclər Birliyinin sədri Emin Pənahov ötən konfransdan keçən müddətdə qurumun fəaliyyəti haqqında hesabatla çıxış etdi. O, hesabat dövründə görülən işlər, reallaşdırılan layihələr haqqında məlumat verdi. Son illərdə gənclərin rayon təşkilatında boy sırasının artıdığını, onların partiya quruculuğunda fəal mövqe tutduğunu bildirdi. Qeyd etdi ki, rayon təşkilatının uçot qeydiyyatında olan 6450 nəfər partiya üzvündən 1388 nəfərinin gənclər, 3466 nəfərinin isə qadınlardan ibarətdir. Məruzəçi Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət-gənclər siyasətindən, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışaraq vurğuladı ki, bu siyasətin nəticəsi olaraq gənclərin fəallığı daha da artıb.
Hesabat məruzəsi ətrafında Buruc kənd tam orta məktəbin müəllimi Gülsəba Tağıyeva, Qaynaq kənd ümumi orta məktəbin müəllimi Murad Hüseynov, mərkəzi rayon xəstəxanasında tibb bacısı Aygün Cəfərli, Evoğlu kənd tam orta məktəbin müəllimi Elcan Nadirli çıxış edərək hesabat dövründə rayon təşkilatının sosial bazasının daha da genişləndiyini qeyd etdilər. Onlar razılıq hissi ilə bildirdilər ki, rayonda böyük işlər görülmüş, insanlara diqqət və qayğı artırılmış, onların sosial problemlərinin həlli istiqamətində ciddi dönüş yaradılmış, rahat avtomobil yolları çəkilmiş, yeni məktəb binaları, uşaq bağçaları, mühüm infrastruktur obyektlər inşa olunmuş, çoxlu sayda sosial obyektlər tikilmiş və əsaslı təmir olunmuşdur. Bütün bunları, rayonun sosial-iqtisadi inkişafına, əhalinin həyat səviyyəsinin yüksəlməsinə Dövlət Başçısının töhfəsinin əyani təzahürü kimi qiymətləndirdilər. Çıxış edən gənc fəallar dövlətin gənclərə diqqət və qayğısından, rayonda gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün yeni inşa olunmuş sosial obyektlərin imkanlarından istifadə etmələrinə yaradılan şəraitdən bəhs etdilər, respublikamızın inkişafı və tərəqqisində əzmlə çalışacaqlarını bildirdilər. Çıxış edənlər YAP Tərtər rayon təşkilatı Gənclər Birliyininin hesabat dövrü ərzindəki fəaliyyətini qənaətbəxş qiymətləndirdilər.
Tədbirdə iştirak edən rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, iqtisadiyyatın daha da möhkəmləndirilməsi, infrastrukturun inkişaf etdirilməsi, əhalinin sosial-iqtisadi problemlərinin həlli, tikinti-quruculuq və yaşayış məntəqələrinin abadlaşdırılması sahəsində görülən işlərdən və dövlət başçısı cənab İlham Əliyev tərəfindən cəbhə bölgəsində yerləşən Tərtər rayonuna daim göstərilən diqqət və qayğıdan danışdı.
Bildirdi ki, müstəqilliyimizin bərpa olunduğu 1991-ci ildən 1993-cü ilədək ölkəmizdə dövlət quruculuğu sahəsində heç bir addım atılmadı. Məhz 1993-cü ildən - ulu öndər Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıdandan sonra Azərbaycanda hüquqi dövlət quruculuğu sahəsində işlər görülməyə başlandı. Ulu Öndər hər zaman deyirdi ki, dövləti qurmaq, bəyanat vermək asandır, ancaq onu qoruyub saxlamaq ondan çox-çox çətin və məsuliyyətlidir. Heydər Əliyev siyasi kursunun əsasını quruculuq, inkişaf təşkil edir. Hazırda bu yolu Ulu Öndərimizin layiqli varisi Prezident İlham Əliyev uğurla davam etdirir. Rayon rəhbəri qeyd etdi ki, Azərbaycan gəncliyi ictimai-siyasi və sosial-iqtisadi sahələrdə aktiv fəaliyyət göstərir. Müasir Azərbaycan gəncliyi müstəqil dövlətin gəncləri olaraq özlərini cəmiyyətin fəal təbəqəsi kimi təsdiqləyiblər. Ulu Öndər Heydər Əliyev ideyalarına sədaqət, dövlətə və dövlətçiliyə bağlılıq, Prezident İlham Əliyevin siyasətini birmənalı şəkildə dəstəkləmək gənclərimizin əsas xarakterik keyfiyyətlərindəndir.
Milli Məclisin deputatı İlham Məmmədov çıxış edərək bildirdi ki, Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətçiliyinin ən ağır sınaqlar qarşısında qaldığı bir zamanda xalqın istək və arzularının nəticəsi olaraq tarixi zərurətdən yarandı. Yarandığı ilk gündən ölkəmizin siyasi səhnəsində uğurla fəaliyyət göstərərək, milli müstəqilliyimizin qorunmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində, iqtisadiyyatımızın inkişaf etdirilməsində özünün layiqli töhfələrini verdi. Bu gündə də partiyamız cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə öz prinsiplərinə sadiqliyini nümayiş etdirir. Saf amallar və prinsiplər üzərində qurulan Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin ideyalarından qaynaqlanaraq Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında üzərinə götürdüyü tarixi missiyanı uğurla yerinə yetirir.
Konfransda təşkilati məsələlərə baxılıb. YAP Tərtər Rayon Təşkilatı Gənclər Birliyinin 11 nəfərdən ibarət Şurası, 5 nəfərdən ibarət İdarə Heyəti, sədr və sədr müavinləri, Yeni Azərbyacan Partiyası Gənclər Birliyinin növbəti konfransına 2 nəfər nümayəndə seçildi.
Səsvermə nəticəsində Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Tunarə Məmmədzadə Gənclər Birliyinin sədri seçilib.
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə YAP Tərtər Rayon Təşkilatı Gənclər Birliyinin konfrans iştirakçıları müraciət qəbul etdilər.