Rayonumuzda doqquz ayın nəticələri uğurludur
Cari ilin doqquz ayında görülmüş işlərə yekun vuran rayon icra hakimiy-yətinin başçısı cənab Ceyhun Cəfərov yığıncağı açaraq dedi:
Bu günlərdə ölkəmizin hər yerində bayram əhval-ruhiyyəsi höküm sürür. Oktyabrın 9-da xalqımız həmişəki kimi böyük uzaqgörənlik göstərərək ulu öndər Heydər Əliyev ideyalarının ən layiqli davamçısı, bacarıqlı siyasətçi və dövlət xadimi cənab İlham Əliyevi yenidən Prezident seçdi. Bu münasibətlə möhtərəm Prezidentimizi və xalqımızı ürəkdən təbrik edirəm.
Çox sevindiricidir ki, tərtərlilər bu mühim siyasi kampaniyada fəal iştirak edərək Azərbaycanı böyük inkişaf yoluna çıxarmış dövlət başçısı cənab Prezident İlham Əliyevə sadiq olduqlarını nümayiş etdirdilər.
Tərtər RİH başçısı C.Cəfərov qeyd etdi ki, 2013-cü ilin doqquz ayı rayon üçün uğurlu olub. Belə ki, 2013-cü ilin 9 ayı ərzində Möhtərəm Prezidentimizin bölgələrə olan diqqət və qayğısı rayonumuzun inkişafına da xüsusi təsir göstərmişdir. Belə ki, rayonumuzda tikinti-abadlıq və quruculuq işləri geniş vüsət almışdır. Ötən dövrdə şəhərin H.Əliyev prospektində 4500 kvadratmetr, Ş.Qurbanov küçəsində 1500 kvadratmetr, R. Mürsəlov küçəsində 1700 kvadratmetr sahəsi olan istinad divarları aqlay və bəzək daşları ilə üzlənmişdir. Adları qeyd olunan prospekt və küçələrdə kommunikasiya xətləri yeniləri ilə əvəz olunmuş, burada 230 ədəd müasir tipli işıq dirəkləri quraşdırılmışdır. Dövlət Bayrağı meydanı 1,7 hektar genişləndirilmiş, 60 ədəd işıq dirəyi qoyulmuş, Bərdə-Tərtər istiqamətində əzəmətli giriş qapısı quraşdırılmışdır. Dövlət Bayrağı meydanının genişləndirilməsi zamanı burada uzunluğu 700 metr olan istinad divarı hörülmüş və 1500 kvadratmetrdən çox sahə aqlay daşı ilə üzlənmişdir. Meydanda quraşdırılmış sütunların aralarına 420 kvadratmetr metal konstruksiyalı şəbəkələr quraşdırılmışdır. Parkın işıqlanmasını normal təmin etmək məqsədilə 1 ədəd yeni transformator quraşdırılmış, yaşıllıq zonalarının suvarılması üçün 1 kilometrdən çox su xətləri çəkilmiş, parka 50 ədəd oturacaq, 50 ədəd zibil qutuları qoyulmuşdur. Avtomobillərin dayanması üçün 2 min kvadratmetrdən çox əraziyə asfalt örtüyünün salınması üçün hazırlıq işləri aparılır.
Rayonun Qapanlı kəndində 220 şagird yerlik tam orta məktəbin binası tikilib istifadəyə verilmiş, mərkəzi rayon xəstəxanası və rayon mədəniyyət evi əsaslı təmir edilmiş, 10 çarpayılıq yoluxucu xəstəliklər şöbəsi üçün yeni korpus tikilərək müasir inventar və avadanlıqlarla təchiz olunmuşdur.
Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə rayon mərkəzində 6 mərtəbəli 54 mənzilli yaşayış evinin, H. Əliyev prospektində Tərtər Qaz İstismarı Sahəsinin və Yeni Azərbaycan Partiyası rayon təşkilatının yeni inzibati binasının tikintisi, eləcə də rayon icra hakimiyyətinin sifarişi ilə 450 şagird yerlik Qazyan, 150 şagird yerlik Borsunlu kənd tam orta məktəbinin binası əsaslı təmir olunur, 150 şagird yerlik Rəcəbli kənd ümumi orta məktəbinin yeni binası tikilir.
Yerli və respublika əhəmiyyətli yollarda və küçələrdə əsaslı təmir işlərinin aparılması diqqət mərkəzində saxlanılmışdır. Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2013-cü il tarixli Sərəncamı ilə 4 yaşayış məntəqəsini əhatə edən 5 min nəfərdən çox əhali yaşayan, uzunluğu 13 km olan Cəmilli-Dəmirçilər yolunun yenidən qurulub asfalt-beton örtüyünün çəkilməsi üçün layihə-smeta sənədləri hazırlanmış, yaxın günlərdə yolun tikintisinə başlanılması nəzərdə tutulmuşdur.
Sonra rayon rəhbəri inzibati ərazi dairələri və bələdiyyələr tərəfindən görülmüş işlərdən, rayonda heyvandarlıq, kənd təsərrüfatı sahəsində əldə olunan nailiyyətlərdən, işdə yol verilmiş nöqsanlardan ətraflı danışdı.
Hesabat məruzəsi ətrafında müzakirələrdə Tərtər Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Rauf Məcidov, maliyyə idarəsini rəisi Zahid Təhməzov, DSMF rayon şöbəsinin müdiri Elxan Bağırov və rayon suvarma sistemləri idarəsinin rəisi Zahid İbrahimov çıxış etmişlər.
Müzakirə olunan məsələlər barədə qərar qəbul edilmişdir.